Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev rəqəmsal inkişaf və nəqliyyat nazirinə daha iki müavin təyin edib. Sərəncamlarla Samir Qaçay oğlu Məmmədov və Fərid Turab oğlu Əhmədov bu vəzifəyə təyinat alıblar.
Teleqraf.com yeni təyin edilən nazir müavinlərinin dosyesini təqdim edir:
1974-cü il təvəllüdlü Samir Məmmədov Bakıda doğulub. 1998-ci ildə Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr təhsilini tamamlayıb. 2006-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsilini başa vurub.
2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsil alıb və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.
1993-1998-ci illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatında müxtəlif vəzifələrdə çalışıb.
1998-ci ildə “Unocal Khazar Ltd.” neft şirkətində xüsusi layihələr üzrə koordinator vəzifəsində işləyib.
1998-1999-cu illərdə “Mobil Exploration & Producing Azerbaijan Inc.” şirkətində menecer vəzifəsində çalışıb.
1999-2006-cı illərdə ABŞ-ın “Relief International” humanitar yardım təşkilatının Azərbaycan nümayəndəliyinin direktor müavini, daha sonra direktoru vəzifəsində işləyib.
Əhmədov Fərid Turab oğlu Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri postunu tutub. 2021-ci ilin noyabrından “İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi” publik hüquqi şəxsin sədri təyin olunub.
Fərid Əhmədov 1979-cu ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsində bakalavr təhsilini, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2003-cü ildə “Chevening” təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi (fərqlənmə) alıb. O, həmçinin Böyük Britaniyanın Oksford Universitetində fəlsəfə elmləri doktoru (PHD) dərəcəsinə yiyələnib. 2015-2017-ci illərdə Azərbaycan Universitetinin rektoru, 2017-2020-ci illərdə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də baş direktorun müavini vəzifəsində çalışıb. Rus və ingilis dillərini bilir.
Ailəlidir, üç övladı var.