3 Avqust 2014 11:08
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda yaşayan Türkiyə vətəndaşları prezident seçkiləri üzrə səs verməyə başlayıblar.

Teleqraf.com-un məlumatına görə, səsvermə yerli vaxtda səhər saat 08:00-da başlayıb və 17:00-da başa çatacaq.

Seçkilər çərçivəsində yalnız iyulun 9-dək Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları səs verə biləcəklər.

Səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i iştirak edəcək. Onlardan 5611 nəfəri Bakıda, 291-i Naxçıvanda, 403-ü isə Gəncədə səs verəcək.

Prezident seçkilərinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.

Bu gün prezident seçkiləri üzrə Türkiyənin Albaniya, Azərbaycan, Bəhreyn, Bosniya və Herseqovina, Çexiya, Finlandiya, Gürcüstan, İran, İrlandiya, İspaniya, Küveyt, Misir, Özbəkistan, Polşa, Sudan, Tunis, Ukrayna, Oman, İordaniya, Yeni Zelandiya kimi ölkələrdə yaşayan vətəndaşları səs verə biləcəklər.
İyulun 31-də Türkiyədə prezident seçkiləri çərçivəsində Türkiyənin Rusiya, Kanada, Avstraliya, Almaniya, ABŞ, Belçika, Niderland, İsrail, Fransa, İtaliya, Livan, Rumıniya, Səudiyyə Ərəbistanı və Türkmənistan kimi ölkələrdə yaşayan vətəndaşları səs veriblər.

Prezident seçkiləri zamanı səsvermədə 53 ölkədə yaşayan və ümumi sayı 2 790 408 nəfər olan Türkiyə vətəndaşları iştirak edə biləcəklər.

Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.

Hakim Ədalət və İnkişaf Partiyası Türkiyə prezidenti postuna Baş nazir Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürüb.

Cümhuriyyət Xalq və Milliyətçi Hərəkat Partiyalarının namizədi isə İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğludur.


Müəllif:

Oxşar xəbərlər