8 Sentyabr 2020 11:45
1 646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların pul və qızıl-zinət əşyalarını ələ keçirən şəxslər saxlanılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumatına görə, Biləsuvar rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayonun Ağayrı kənd sakini A.Mahmudovanı dələduzluq yolu ilə aldadaraq onun 2000 manat dəyərində 3 ədəd qızıl üzüyünü ələ keçirən Bərdə şəhər sakinləri B.Əliyeva və onun gəlini A.Abdullayeva saxlanılıblar.

Onlar zərərçəkmiş şəxsi aldadaraq bildiriblər ki, onun ailəsində baş verəcək bədbəxt hadisənin qarşısını almaq məqsədilə qızıl-zinət əşyalarını aparıb dua oxuduqdan sonra geri qaytaracaqlar.

Aparılan araşdırmalarla həmin şəxslərin bu kimi müxtəlif üsullarla daha 3 şəxsi aldadaraq ümumilikdə 850 manat pulunu və 2300 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirdikləri müəyyən edilib.

Faktlarla bağlı Biləsuvar rayon polis şöbəsində başlanmış cinayət işinin istintaqı davam edir.

Hazırda onların başqa bu kimi faktlarda iştirakının olub-olmadığı araşdırılır.


Müəllif: Hacı Zeynalov