Zərdüşt Əlizadə: "Fəqət Sərkisyan tutulmuş, Abramyan isə tutulmamış oğrudur"
Ermənistan prezidenti Serj Sərkisyan parlamentin sədri Ovik Abramyanı baş nazir postuna təyin edib. S. Sərkisyan hökumətin qarşısında duran əsas vəzifələrdən birinin Gömrük İttifaqına qoşulmaq işinin sürətləndirilməsi olduğunu vurğulayıb, pensiya, təhsil, vergi və gömrük islahatlarının aparılacağını deyib.
Qeyd edək ki, Ermənistanın əvvəlki baş naziri Tiqran Sərkisyan aprelin 3-də istefa verib. Aprelin 4-də hökumət tam tərkibdə istefaya göndərilib.
Politoloq Zərdüşt Əlizadə bildirib ki, əvvəlki baş nazir Tiqran Sərkisyan Ovik Abramyandan xeyli savadlı adamdır. Onun sözlərinə görə, ancaq O. Abramyan tutulmamış, T. Sərkisyan isə tutulmuş oğrudur: "Yəni onun Kiprdə saxta adlarla şirkət açdığı aşkara çıxarıldı. Qanuna görə isə yüksək vəzifəli dövlət xadimi bizneslə məşğul ola bilməz. Bu mövzunu erməni mətbuatı xeyli yazdı. Müxalifət də onun üzərinə getdi, istefasını tələb etdi. Tiqran Sərkisyanın ikinci günahı isə ondan ibarət di ki, o, Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlıq sazişinin imzalanması üçün çox çalışırdı. Bu isə Rusiyanın xoşuna gəlmədi. Ona görə də qulağından tutub bayıra atdılar. İndiki baş nazir isə Serjik kimi, Qaqik Sarukyan kimi, Aleksanyan və başqaları kimi oliqarxlardan biridir. Onun da iş adlanan, amma əslində oğurluğu var. Amma onu təyin ediblər, çünki Rusiya onun üzərində dayanıb. Deyib ki, Abramyanı baş nazir təyin edin. Amma həkimin məharətindən asılı olmayaraq ölü ölüdür. Yəni, Ermənistan iqtisadiyyatı ölüdür. Bunun çarəsi yoxdur. Ermənistan qonşuları ilə barışmayanadək, dünya əmək bölgüsünə qoşulmayanadək bu ölkənin iqtisadiyyatının heç bir gələcəyi yoxdur. Baş nazirin Sərkisyan, yaxud Abramyan olmasının heç bir dəxli yoxdur".
Z. Əlizadə O. Abramyanın "qumarbaz" imicinə də toxunub: "Serjik də, bu da ondandır. Onlar hamısı bir şeydir. Ümumiyyətlə, Ermənistanı cinayətkar bir zümrə idarə edir. Onlar adam öldürmək, büdcə vəsaitini mənimsəmək, insanların var-dövlətini əllərindən almaq sahəsində ixtisaslaşmış canilərdir".
Politoloq qeyd edib ki, T. Sərkisyanı Belçikaya səfir deyil, əslində istirahətə göndərirlər: "Çox zəhmət çəkib. Ermənistanın başına yekə bir daş salıb. Gərək bu "xidməti"nə görə istirahət etsin. Bundan əlavə, Tiqran Sərkisyanın Avropa İttifaqının mənzil-qərargahının yerləşdiyi Brüssel şəhərinə göndərilməsi onun Avropayla olan yaxınlığının nəticəsi kimi yozula bilər".
Politoloq bildirib ki, baş nazirin dəyişməsinin Ermənistan iqtisadiyyatına heç bir təsiri olmayacaq: "Nə isə istehsal etmək üçün əvvəlcə gərək bazar olsun. Ermənistanın bazarı yoxdur. İran özü mallarını satmaq üçün bazar axtarır. Avropaya heç bir mal lazım deyil. Ermənistanın bazarı Azərbaycan, Gürcüstan və Türkiyə ola bilərdi. Gürcüstanın alıcılıq qabiliyyəti çox aşağıdır. Digər tərəfdən, onun Türkiyə kimi tərəfdaşı var. Azərbaycanla və Türkiyə ilə də düşmənçilik edir. Bircə Rusiya qalır. Rusiyaya mal ixrac etmək üçün isə həmin malı dəmir yolu ilə Poti, Batumi limanlarına daşımaq, oradan gəmi ilə Rusiya limanlarına, daha sonra ölkənin içərilərinə doğru daşımaq lazımdır. Nəticədə, təsəvvür edin ki, manatlıq mal gəlib 1 manat 50 qəpiyə çıxacaq. Üstəlik də erməni malları keyfiyyətsiz, rəqabətə davamlı deyil".
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan aprelin 10-da konstitusiya islahatları üzrə xüsusi komissiyanın üzvləri ilə görüşdə gələcəkdə yenidən dövlət başçısı olmaq niyyətində olmadığını bəyan edib. Onun özü də əvvəllər Ermənistanın baş naziri olmuşdu. Bu baxımdan O. Abramyanın prezident postuna hazırlandığını söyləmək mümkündürmü? Z. Əlizadə deyib: "Robik olmadı, Serjik oldu, Serjik olmadı, Ovik oldu - Ermənistan Rusiyanın köləsidir. Oyuncaq dövlətdir. İqtisadiyyatı Rusiyanın əlindədir. Nə mənası var hakimiyyətdə kimin olmasının? Amma ola bilər ki, Ovik Abramyan gələcəkdə prezident postu üçün hazırlansın. Niyə də olmasın? Moskva kimi desə, o da olacaq. Ovik prezident seçkilərinin keçiriləcəyi 2018-ci ilədək canla-başla sübut etməyə çalışacaq ki, Ermənistanı Rusiyanın ayağına daha yaxşı sərir, nəinki başqaları".
SƏXAVƏT