1 Oktyabr 2015 13:56

Sərsəng Su anbarı ilə bağlı məsələ bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial, Səhiyyə və Dayanıqlı inkişaf Komitəsinin iclasında müzakirə olunub.

Bunu Trend-ə açıqlamasında Azərbaycanın qurumdakı nümayəndə heyətinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, bu gün AŞPA-nın Sosial, Səhiyyə və Davamlı İnkişaf Məsələləri Komitəsində Sərsəng Su anbarı ilə bağlı ("Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” hesabat) müzakirələr keçirilib və konkret olaraq bir daha ermənilərin destruktif mövqeyi Komitə üzvlərinin diqqətinə çatdırılıb.

Qərara alınıb ki, ermənilər yaxın müddətdə öz mövqelərindən əl çəkməsələr, məruzə onlarsız hazırlanaraq AŞPA-ya təqdim olunacaq.

AŞPA-nın "Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair” qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviç dəfələrlə bəyan edib ki, ona hələ də Ermənistana və Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etmək imkanı verilməyib.

Bundan əlavə, sözügedən Komitənin 2015-ci ilin iyunun 25-də keçirilən iclasında məruzəçi ilə əməkdaşlıq və ona səfər etməyə icazə verilməsi üçün Komitə Ermənistan hökumətinə məktubla müraciət etməyi qərara almışdı.

Nümayəndə heyətinin sədri əlavə edib ki, bu gün səhər AŞPA-nın Monitorinq Komitəsinin də iclası keçirilib: "İclası yeni vəzifədə idarə edirdik. Böyük Parlament Assambleyasında da Monitorinq Komitəsini Azərbaycan nümayəndəsi təmsil edəcək".

Qeyd edək ki, AŞPA-nın Monitorinq Komitəsinin 28 sentyabr tarixində keçirilən iclasında S.Seyidov əksər səs çoxluğu ilə komitənin sədr müavini seçilib.

Açıqlamasında Dağlıq Qarabağla bağlı hesabatın hazırlanması məsələsinə də toxunan millət vəkili bildirib ki, məsələyə dair Avropa Şurası öz məruzəsini hazırlayıb təqdim edəcək: "Ermənistan tərəfi Dağlıq Qarabağla bağlı məruzənin hazırlanmasını istəmir. Demokratiya və Siyasi məsələlər komitəsində onların mövqeyi o dərəcədə özünü büruzə verdi ki, Komitənin üzvləri Ermənistan nümayəndə heyətinin sədri xanım H.Naqdalyanı komitə iclasında bu şəkildə davranışına nəinki etiraz, Komitənin işindən kənarlaşdırılmağı belə təklif etdilər. Bu məsələ belə davam edə bilməz. Qeyd edildi ki, ermənilər bütün qəbul olunan və olunmayan normaları pozur. Ermənistan tərəfi məruzəçini ölkəyə buraxmasa belə, Avropa Şurası öz məruzəsini hazırlayaraq təqdim edəcək".

Qeyd edək ki, AŞPA-nın Demokratiya və Siyasi məsələlər Komitəsinin 29 sentyabr tarixində keçirilən iclasında qurumun "Dağlıq Qarabağda və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" məsələsi üzrə məruzəçisi, britaniyalı Robert Valterin məsələyə dair şifahi hesabatı dinlənilib. Həmin iclasda R.Valterin Dağlıq Qarabağla bağlı hesabat hazırlaması qərara alınıb.

Ermənistan tərəfi AŞPA-nın qeyd olunan məsələlərlə bağlı hesabatlarının hazırlanmasını istəmədiyinə görə, qurum tərəfindən təyin olunan hər iki məruzəçini ölkəyə buraxmaqdan imtina edir.


Müəllif:
Загрузка...