Hakim Yeni Azərbaycan Partiyası (YAP) 90 saylı Ağdaş seçki dairəsi üzrə təkrar seçkidə iştirak edəcək namizədini müəyyənləşdirib.
Aprelin 28-də hakim partiyanın İdarə Heyətinin iclası keçirilib. İclasda YAP-ın iyunun 18-də keçiriləcək təkrar parlament seçkisində iştirak etməsi haqda qərar qəbul edilib.
İdarə Heyətinin qərarı ilə 90 saylı Ağdaş seçki dairəsindən YAP-ın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb.
Qeyd edək ki, Prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Milli Məclisinə təkrar seçkilərin 2016-cı il iyunun 18-də keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Mərkəzi Seçki Komissiyası da (MSK) həmin seçki dairəsi üzrə təkrar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planını təsdiq edib.
Xatırladaq ki, MSK noyabrın 17-də keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsində qeydə alınmış deputatlığa namizədlərin müraciəti əsasında həmin dairədə seçkilərin nəticələrini ləğv edib. 90 saylı dairə üzrə lider namizəd IV çağırış Milli Məclisin deputatı, "AGBank" Müşahidə Şurasının sədri Çingiz Əsədullayev olub.
("Report")