19 Sentyabr 2016 08:05
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 18-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına start verilib.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda 27 ölkədən 281 (21 yaşadək qız və oğlanlar) idmançı iştirak edir. Onların arasında dünya və Avropa çempionları, “Rio-2016” Olimpiadasının mükafatçıları da var. Yarışlar qapalı və açıq komplekslərdə stend və güllə atıcılığı növləri üzrə keçirilir.

Yarışların ilk günü stend və güllə atıcılığının 5 növü üzrə, yəni oğlanlar və qızlar arasında tüfəngdən 50 metr məsafəyə atəş açma, oğlanlar arasında tapançadan 25 metr məsafəyə atəş açma və qızlar arasında dairəvi stend, oğlanlar arasında qoşa səngər atıcılığı üzrə yarışların qalibləri məlum olub. Oğlanlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışında Hindistan idmançısı Subhankar Pramanik birinci, Çexiya təmsilçisi Filip Nepeşal ikinci, Rumıniya atıcısı Draqomi İordake üçüncü yeri tutub. Həmin yarışda ümumi hesabda Norveç, Hindistan komandaları müvafiq olaraq I-II yerləri tutublar. Qızlar arasında yerə uzanaraq kiçik çaplı tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışında Violetta Starostina (Qazaxıstan) birinci, Anastasiya Qalaşina (Rusiya) ikinci, Jenni Stene (Norveç) üçüncü yeri tutub. Həmin yarışda ümumi hesabda Norveç, Rusiya və Hindistan komandaları müvafiq olaraq ilk üçlükdə qərarlaşıb.

Oğlanlar arasında 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açma yarışında Hindistan idmançısı Sambhaji Zanzan birinci, Avstriya atıcıları Sergey Evqlevski ikinci və James Tomas Asmore üçüncü yerə çıxıb. Dairəvi stend atıcılığı yarışlarında Alina Fazlyanova (Rusiya) birinci, Anni Zhao (Çin) ikinci, İzel Aydın (Türkiyə) üçüncü yeri tutublar. Bu yarışda ümumi hesabda Türkiyə, Çin və Rusiya komandaları müvafiq olaraq I-III yerə çıxıblar. Oğlanlar arasında qoşa səngər stend yarışlarında Çin idmançısı Yinq Qi birinci, Rusiya atıcısı Aleksandr Filippov ikinci, Çin idmançısı Run Su üçüncü yerə çıxıb. Bu yarışda ümumi hesabda Çin, Rusiya və Hindistan komandaları müvafiq olaraq ilk üçlükdə qərarlaşıb.

Medalların ümumi sayına görə hazırda Hindistan komandası 7 medalla birinci, Çin idmançıları 5 medalla ikinci, Norveç təmsilçiləri 3 medalla üçüncü yerdədir.

Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib. İdmançılara qızıl, gümüş və bürünc medalları Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov təqdim edib.

Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku uğrunda yarışlarda ölkəmizi 25 idmançı təmsil edir ki, onlardan 11-i stend atıcılığı, 14-ü isə güllə atıcılığı yarışlarında bacarığını nümayiş etdirir. Güllə atıcılığı üzrə yarışların 10 olimpiya növü və 2 qeyri-olimpiya növü üzrə, stend atıcılığı üzrə yarışlar isə 5 olimpiya növü üzrə keçirilməsi nəzərdə tutulur. Oğlan və qızlar dairəvi stend, səngər stend və qoşa səngər stend yarışlarında, eləcə də tapança və tüfəngdən 10, 25 və 50 metr məsafəyə atəş açmaq yarışlarında bacarıqlarını nümayiş etdirəcəklər.

Yarışlar sentyabrın 23-də başa çatacaq.

Beynəlxalq İdman Atıcılıq Federasiyasının təqvim planına uyğun olaraq ənənəvi olaraq hər il keçirilən böyüklərin dünya kuboku yarışlarından fərqli olaraq gənclər arasında dünya kuboku uğrunda yarışlar bu il ilk dəfə olaraq keçirilməyə başlanılıb. Gənclərin Dünya Kuboku yarışlarının ilk mərhələsi bu ilin əvvəlində Almaniyanın Zul şəhərində olub, ikinci mərhələsi isə hazırda Qəbələdə keçirilir.


Müəllif: