Futbol üzrə Rusiya yığmasının sabiq kapitanı Valeriy Karpin Azərbaycan millisində çıxış edən Ramil Şeydayev və Emin Mahmudovla bağlı danışıb.
"Report"un məlumatına görə, təcrübəli mütəxəssis hər iki futbolçunun Rusiya yığmasını seçməmələrini normal qarşılayıb.
O, adıçəkilən oyunçuların Rusiya yığması səviyyəsində olmadığını deyib: "Bu, onların öz seçimidir. Bu gün həmin futbolçular Rusiya yığmasının heyətinə düşəcək səviyyədə deyillər. Ona görə də uşaqlar Azərbaycan yığma komandasına yollandılar. Bu komanda Şeydayev və Mahmudovun peşəkar keyfiyyətlərinə uyğundur. Artıq əsas heyətdə çıxış edə bilirlər. Onların Rusiya üçün ciddi itki olduğunu demək olmaz".
V.Karpinin fikrincə, Mahmudov və Şeydayev qalsaydı, Rusiya yığması bir baş üstün olmayacaqdı.
Hazırda Ramil Şeydayev Türkiyə "Trabzonspor"unda, Emin Mahmudov Portuqaliya "Boavişta"sında çıxış edir. Onlar avqustda FİFA-nın icazəsi ilə Azərbaycan yığmasında oynamağa razılıq veriblər.