12 Oktyabr 2016 12:54
434
12 Punto 14 Punto 16 Punto 18 Punto

DÇ-2018-in seçmə mərhələsində səfərdə Çexiya ilə heç-heçə edən (0:0) millimizin baş məşqçisi Robert Prosineçki oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Qol.az xəbər verir ki, mətbuat konfrasını açıq elan edən AFFA-nın Media və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu rəqib baş məşqçi Karel Yarolimin oyundan öncə “Prosineçkini məşqçi kimi tanımıram” sözlərinə cavab olaraq, “yəqin ki, rəqib məşqçi artıq Prosineçkini tanıyır” deyib.

Xorvat mütəxəssis oyunla bağlı bunları deyib:

- Oyundan öncə bizi çətin qarşılaşma gözlədiyini demişdim. Düşündüyüm kimi də oldu. Heç bir milli burda rahat oynaya bilmir. Ancaq bu rəqibdən qorxmadığımızı, sonadək oynayacağımızı da bildirmişdm. Oyunçularımı təbrik edirəm. Bura gəldiyim gündən həmişə futbolçularıma inanmışam. Yəqin qəbul edərsiz ki, bu gün kiçik möcüzənin şahidi olduq. Bizim üçün böyük gün idi. 3 oyundan sonra hesabımızda 7 xal var. Qapımızdan bir qol da buraxmamışıq. Çalışacağıq ki, növbəti - Şimali İrlandiya ilə səfər oyunundan da uğurlu nəticəylə qayıdaq.

- Kapitanın yoxluğunda riskli rotasiya edib, çətin səfərdən xalla qayıdan Prosineçki bir az daha riskə gedərək, bu oyundan 3 xalla ayrıla biləcəyini düşünmür ki?

- Rəşad oynaya bilmədi, çünki dizində cüzi də olsa, zədəsi var idi. Onun yerində Bədavi Hüseynov oynadı. Onun oyunundan tam razı qaldım. Ramil Şeydayevin də oyunundan razı qaldım. Yəqin ki, siz də razı qaldız. Gənc oyunçu olsa da, çox yaxşı təsir bağışladı. Bu gün qalib gəlmək istəyərdim, ancaq bu gün qismətimizdə heç-heçə var imiş. Rəqibin də qol fürsətləri oldu. Ancaq Kamran Ağayev möhtəşəm oyun sərgilədi. Fürsətdən istifadə edib, komandamı göstərdikləri oyuna görə bir daha təbrik edirəm.

- Namiq Ələsgərova start heyətində yer verdiz. Bu oyunçu sizcə necə təsir bağışladı? Bir də, Şeydayevin oyunundan razı qaldığınızı dediz. Sizcə, onu oyunun ən yaxşısı saymaq olar?

- Mənim fikirlərimlə razı olmaya bilərsiz. Namiq gənc oyunçudu. Məncə, həm Namiq, həm də Ramil Azərbaycan futbolunun gələcəyidi. Fikrimcə, gələn oyunlarda onların ifasında daha yaxşı oyun görəcəyik. Təkcə bu futbolçular yox, bu gün Rahid Əmirquliyev, Məhəmməd Mirzəbəyov, Arif Daşdəmirov, Ruslan Qurbanov da yaxşı oynadı. O ki qaldı oyunun ən yaxşısına, məncə, bu gün bütün komanda ən yaxşı idi. Onlar əllərindən gələni etdilər. Konkret kiminsə adını çəkməkdə çətinlik çəkirəm. Artıq 4-cü oyundu ki, Maksim mərkəz müdafiəçisi kimi oynayır. Bu oyunların 2-də qalib gəlib, 2-də heç-heçə etmişik. Onu bu mövqedə oynadanda bütün ölkə buna şübhə ilə yanaşırdı. Ancaq o, bu mövqedə çox yaxşı oynaya bildiyini sübut etdi.

- 3-cü tura yekun vuruldu. Bütün qruplarda yalnız 4 komanda - Azərbaycan, Almaniya, İngiltərə və Belçika qol buraxmayıb. Buna necə şərh verərdiz?

- Çox sevincli haldı. Son iki oyunda Norveç və Çexiyaya qarşı oynamışıq. Püşkatmadan dərhal sonra ən çətin qrupa düşdüyümüzü demişdim. Mənə elə gəlir ki, o vaxt kimsə desəydi ki, 3 turdan sonra 7 xalla 2-ci pillədə qərarlaşacağıq, bunu yuxu kimi qəbul edərdilər. Ancaq azərbaycanlı oyunçular da futbol oynaya bildiklərini sübut etdilər.


Müəllif:

Oxşar xəbərlər