20 Oktyabr 2016 17:02
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Olimpiya stadionunda “Qəbələ” İdman Klubunun təşəbbüsüylə məşhur braziliyalı futbolçu Ronaldinyonun mətbuat konfransı təşkil edilib.

Teleqraf.com xəbər verir ki, konfransda AFFA-nın baş katibi Elxan Məmmədov, “Qəbələ” İdman Klubunun prezidenti Tale Heydərov, klub akademiyasının direktor müavini Nail Kərimov iştirak ediblər.

Braziliya millisinin və “Barselona”nın keçmiş futbolçusu, həmçinin digər iştirakçılar jurnalistlərin suallarını cavablandırıblar:

- Dünəndən bəri hamı Ronaldinyonun Bakıya gəlişi barədə danışır. Bakı barədə ilkin təəssüratlarınızı bilmək maraqlı olardı...
- Ronaldinyo: Əvvəla hamınızı salamlayıram. Əvvəllər də Azərbaycan barədə yaxşı sözlər eşitmişdim. Bilirəm ki, Azərbaycanda braziliyalı futbolçular top qovur. Təxminən bir ay, ay yarım əvvəl “Qəbələ” rəhbərliyi ilə akademiyanın açılşı ilə bağlı danışıqlara başladıq. Burda olmaqdan, sizi görməkdən çox şadam.

- Tale bəy, bugünkü “Sent-Etyen” - “Qəbələ” oyunu barədə nə deyə bilərsiz?
- Tale Heydərov: Əvvəllər Ronaldinyoyla bu cür iş görmək planımızda yox idi. Ancaq sonradan belə fürsət yarandı. Ronaldinyonun ölkəmizə gəlişi dünən alındı. Buna görə, bugünkü oyunu izləyə bilməyəcəm. Rəqibimiz ciddi rəqibdi. Çətin oyun olacaq. Futbolçular da məşqçi də söz veriblər ki, bu gün yaxşı oyun sərgiləyəcəklər. Bu gün onlardan yaxşı nəticə gözləyirəm.

- Ronaldinyo bu gün keçiriləcək “Qarabağ” - PAOK oyununu stadiondan izləyəcək?
- Bu baxır bizim proqramımıza. Proqrama uyğun gəlsə, gedəcəyik.

- Akademiya ilə mütəmadi olaraq maraqlanacaqsız?
- Ronaldinyo: Bizm akademiyada məşq edəcək oyunçulara əlimdən gələn köməyi etməyə çalışacam. Gələcəkdə də onlara həmişə dəstək olacam.

- Siz belə doğulmusuz, yoxsa tədricən bu cür futbolçu olmusuz?
- Əlbəttə, ilk növbədə Allah vergisidi. Ancaq sonradan tədricən öz üzərimdə məşq etməyə başladım. Qazandığım kubokları da gərgin məşqlərin sayəsində əldə etdim.

- Bu gün burda gördükləriniz sizə İspaniyanı xatırladır, yoxsa sizin üçün yenilikdi?
- Deyə bilmərəm ki, burda daha çox jurnalist var, yoxsa İspaniyada. Bura gəldiyinizə görə hamınıza təşəkkür edirəm.

- Millimiz son vaxtlar uğurlu çıxış edir. Bu barədə nə deyə bilərsiz? Bir də ki, gələcəkdə Braziliya və Azərbaycan millisinin yoldaşlıq oyununda qarşılaşmasına vasitəçilik edə bilərsiz?
- Bəli, bundan xəbərim var. Bilirəm ki, Azərbaycan millisi seçmə mərhələdə 7 xal toplayıb. Bura gələrək, yerli futbolla yaxından maraqlanmaq istədim. O ki qaldı milli komandaların oyununa, əlbəttə, kömək edə bilərəm. Əsas odu ki, buna milli komandalar razı olsun.

- Hansı komandaya azarkeşlik edirsiz?
- Mən özüm “Qremio” azarkeşiyəm. Uşaq vaxtından bu komandaya azarkeşlik edirəm. Özüm də bu klubun təmsil etdiyi şəhərdə doğulmuşam.

- Bildiyim qədəriylə son vaxtlar futzalla da məşğul olursuz. Ölkəmizdən bu cür təklif gəlsə, razılaşarasız?
- Hələ futbolçu karyeramı bitirib-bitirməyəcəyimlə bağlı qərar verməmişəm. Bu barədə qərarı ilin sonunda verəcəm. Ola bilsin, vida görüşü keçirdim.

- Ronaldinyo üçün dünyanın ən güclü futbolçusu kimdi?
- Messi.

- Siz dünyanın ən güclü futbolçularından biriydiz. Maradona səviyyəsinə çatmağınıza nə mane oldu? Bir də ki, azərbaycanlı uşaqlara nə məsləhət verərdiz?
- Onu deyə bilərəm ki, məşqlərə ciddi yanaşsınlar. Məşqə hamıdan tez gəlib, hamıdan gec getsinlər. O ki qaldı digər suala, mən elə Pele və Maradona kimi dünya ulduzlarının səviyyəsindəyəm (gülür).

- Sizi demək olar, hamı sevir. Bunun səbəbi nədi?
- Bunun dəqiq cavabını bilmirəm. Yəqin bu, göstərdiyim gözəl futbola görədi. Doğrudan da, getdiyim hər ölkədə məni çox isti qarşılayırlar.

- Tale bəy, Ronaldinyonun “Qəbələ”də oynaması azarkeşləri də stadiona cəlb edə bilər. Onu komandaya cəlb etmək barədə düşünmürsüz ki?
- Tale Heydərov: Bunu onun özündən soruşsaz, daha yaxşıdı (gülür). Məncə, Ronaldinyo kimi bir futbolçunun Azərbaycan klubunda oynaması xəyal kimidi. Ancaq onunla razıyam ki, Ronaldinyo kimi futbolçunun klubda çıxışı azarkeşləri də stadiona cəlb edər.

- Ronaldinyo Azərbaycanda oynamağı düşünmür ki?
- Ronaldinyo: Niyə də yox? (gülür)

- Ronaldinyonun elə sirri var ki, ancaq azərbaycanlı jurnalistlərə açıqlaya bilər?
- Düzü, mənim elə də sirrim yoxdu.

- DÇ-2006-dakı uğursuzluğun səbəbi nə idi? Karyeranız ərzində ən böyük peşmançılıq nədi?
- DÇ-2006-da bizim çox güclü komandamız var idi. Ancaq təəssüf ki, 1/4 finalda Fransaya məğlub olduq. Səbəbini bilmirəm. Bu, futboldu, futbolda belə hallar olur. O ki qaldı peşmançılığa, karyeram ərzində belə bir peşmançılıq yoxdu.

- Ronaldinyo futbolu daha çox sevir, yoxsa özünü?
- Belə deyək, mən futbolu Ronaldinyosuz, Ronaldinyonu futbolsuz təsəvvür edə bilmirəm.

Foto: Məhəmməd Türkmən


Müəllif: