Fransa milli komandasının futbolçusu Antoni Marsyalın İngiltərənin "Mançester Yunayted" klubunun heyətində vuracağı növbəti qol "Monako"ya 10 milyon avro bonus qazandıracaq.
"Report"un məlumatına görə, bu, 2015-ci ilin yay transfer dövründə 50 milyon avro qarşılığında knyazlıq təmsilçisindən "qırmızı şeytanlar"a keçən 22 yaşlı hücumçunun müqaviləsindəki bəndlə əlaqədardır.
Həmin sövdələşmədə bir sıra bonuslar nəzərdə tutulub ki, onlardan biri də Marsyalın "Mançester Yunayted"in heyətində 25 qol vuracağı halda, İngiltərə klubunun "Monako"ya 10 milyon avro bonus ödəməsidir.
Digər bonuslara gəlincə, gənc forvard Fransa milli komandasının heyətində 25 oyun səddini aşacağı, həmçinin, "Qızıl top" mükafatına namizədlərin "Top-10"una düşəcəyi halda da "Mançester Yunayted" əlavə 10 milyon avro xərcə düşəcək.
Qeyd edək ki, Antoni Marsyal fevralın 11-də İngiltərə Premyer Liqasının XXV turu çərçivəsində "Uotford"la görüşün 60-cı dəqiqəsində fərqlənməklə, "Mançester Yunayted"in heyətində 24-cü qolunu vurub.