Bu gün Çempionlar Liqasında daha iki oyun keçiriləcək.
Teleqraf.com xəbər verir ki, “Porto” “Yuventus”u, “Sevilya” isə “Lester”i qəbul edəcək.
“Porto” G qrupunun ikincisi kimi növbəti mərhələyə adladığı halda, “Yuventus” H qrupunda birinci olmağı bacarmışdı. Turin təmsilçisi ÇL-in cari mövsümündə hələ məğlubiyyətlə üzləşməyib.
Portuqaliya çempionatında ötən həftə “Tondela”nı darmadağın edən (4:0) “əjdahalar” turnir cədvəlində “Benfika”dan sonra ikincidilər. “Yuventus” da ölkə çempionatının geridə qalan turunda 4 qol vurub. Öz meydanında “Palermo”dan güclü olan (4:1) turinlilər turnir cədvəlinə başçılıq edirlər. “Qoca sinyora”nın heyətində Corcio Kyellini və Andrea Barzalyi zədəli olduğu üçün onların bu görüşdə iştirakı sual altındadır.
“Sevilya” isə İngiltərə çempionu “Lester”i qəbul edəcək. “Tülkülər” ötən mövsüm Premyer Liqada “at oynatsalar” da, bu mövsüm işləri qaydasında getmir. Təsadüfi deyil ki, Klaudio Ranyerinin yetirmələri çempionatda 25 turdan sonra 17-ci pillədə qərarlaşıblar. “Lester” Premyer Liqadakı uğursuzluğu ÇL-də yaxşı nəticə qazanmaqla unutdurmaq istəyir. Qrup mərhələsində birinci olan “tülkülər”in 1/8 final mərhələsindən hansı nəticə ilə ayrılacağı maraqla gözlənilir.
“Sevilya” da cari mövsümdə iddiasını ortaya qoyur. La Liqanın XXIII turunda “Eybar”ı 2:0 hesabı ilə üstələyən andalusiyalılar çempionatda 3-cü pillədə qərarlaşıblar. Bu mənada, “Sevilya” ilə duel “Lester” üçün heç də asan keçməyəcək.
Çempionlar Liqası. 1/8 final, ilk oyunlar
22 fevral
23:45 “Porto” (Portuqaliya) – “Yuventus” (İtaliya)
Baş hakim: Feliks Brix (Almaniya)
23:45. “Sevilya” (İspaniya) – “Lester” (İngiltərə)
Baş hakim: Klemen Turpin (Fransa)