Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) İqlim Dəyişmələri və Ozon Mərkəzinin direktoru Gülmalı Süleymanov deyib.
Onun sözlərinə görə, iqlim dəyişikliyi planetdə ümumi tempuraturun 3-4 dərəcə qalxması ilə nəticələnsə, ciddi fəsadlar ola bilər:
“Hazırda isti fəisllərdə hava qəfildən soyuyur, yaxud 1 aylıq yağış norması 2-3 günə yağır. Bu, artıq enerjinin qeyri-bərabər paylanmasıdır. Daha böyük fəsadlar o zaman olar ki, Yer kürəsində temperatur artım indeksi 2 dərəcəni keçib, 3-4 dərəcəyə çatsın.
Hələlik Yer kürəsində temperatur 1 dərəcə artıb. Bu rəqəm 2 dərəcəni keçməsə, Azərbaycan üçün problem yoxdur. Çünki ölkəmizdə qlobal iqlimdən əlavə, regional iqlim qurşaqları da var. Başqa ölkələrdəki iqlim fəsadları Azərbaycana çatana kimi gücünü zəiflədir. Bu səbəbdən təhlükə yoxdur”.
Gülmalı Süleymanov qeyd edib ki, Paris razılaşmasına görə, dünya ölkələri 2100-cü ilə qədər olan dövr üçün modellər hazırlayıb:
“Dünyanın aparıcı iqlim mərkəzləri həmin razılaşmada 70 model, 150 ssenari ərsəyə gətirib.
Ölkələr Paris razılaşmasında götürdüyü öhdəlikləri yerinə yetirməsə, əsrin sonuna kimi temperatur 2 dərəcə yox, 3 dərəcəyə kimi arta bilər. Amma ölkələr əlavə öhdəlik götürsə, karbon qazı daha çox azalsa, alternativ enerjidən istifadə olunsa, temperaturu 2 dərəcə artımda saxlamaq mümükündür.
Mənim fikrimcə, ölkələr çalışacaq ki, Yerdə temperatur artımı 2 dərəcəni aşmasın. Bu istiqamətdə ciddi iş gedir”.
İlhamə ƏBÜLFƏT