Teleqraf.com-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Moldova "Şerif"i ilə Bakıda qolsuz heç-heçə etdikləri Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra deyib. 45 yaşlı mütəxəssis bildirib ki, "Şerif"in baş məşqçisi futbolu yaxşı bilən mütəxəssisdir: "Fikrimcə, nəticə baxımından onlar istədiyini edə bildilər. Bir həftə vaxtımız var. Tam hazır olan oyunçulara şans verəcəyik. O ki qaldı hansı oyunu sərgiləyəcəyimizə, bizə nə sərf etsə, həmin oyunu göstərəcəyik. Müdafiə olunmaq lazım olsa, müdafiə olunacağıq. Hücum lazım olsa, hücum edəcəyik. Rəqib nəticə qazanmağı bacaran komandadır. "Şerif"in müdafiə olunması çoxunda onlar barədə səhv fikir formalaşdırır. Ancaq nəticə qazanmaq üçün müdafiə olunmaq da olar. Cavab oyununda biz tam fərqli komanda ilə qarşılaşa bilərik. Rəqibin oyununda mütləq nə isə dəyişiklik olacaq".