20 Avqust 2017 18:28
1 315
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan ağır atletika milli komandasının sabiq üzvü Veliçko Çolakov gözlənilmədən dünyasını dəyişib.

Teleqraf.com-un Apasport.az saytına istinadən verdiyi məlumata görə, tanınmış atlet, Olimpiya Oyunlarının bürünc medalçısı səhər saatlarında dünyasını dəyişib.

Bolqarıstan mətbuatının yazdığına əsasən idmançı ürəyində yaranan problem səbəbindən ölüb. Son illərdə ürəyindən əziyyət çəkən 35 yaşlı Çolakovun bu gün səhhəti pisləşdikdən sonra təcili yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Milliləşdirilmiş legionerimizin vətəni Bolqarıstanda, Smolyan şəhərində dəfn ediləcəyi bildirilir.

Qeyd edək ki, Bolqarıstan yığmasının heyətində Afina-2004-ün bürünc mükafatçısı olmuş ağır çəkili idmançı həmin il Avropa çempionu adını da qazanıb. O, 2003-cü ildə dünya çempionatının gümüş medalına yiyələnib. Pekin-2008-də dopinq səbəbindən 4 illik cəzalanan ağırlıqqaldıran 2010-cu ildə Azərbaycan vətəndaşlığını qəbul edib. Yığmamızın heyətində yalnız London Olimpiadasına yollanan 105 kq çəkili atlet burada da zədələndiyindən podiuma çaxa bilməyib. O, sonra yenidən Azərbaycana dönmək istəsə də, həmyerlisi olan baş məşqçi Zlatan Vanev Çolakovun dövrünün keçdiyini əsas gətirib, buna mane olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər