Futbol üzrə Türkiyə yığması İrlandiya və Çernoqoriyaya qarşı keçirəcəyi yoxlama oyunları öncəsi daha bir itki ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, İspaniyanın “Selta” klubunda forma geyinən Əmrə Mor xəstə olduğu üçün, millinin toplanışına qatıla bilməyəcəyini açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabından məlumat yayıb.
Artıq Türkiyə Futbol Federasiyası da bu məlumatı təsdiqləyib. Xəbərdə o da bildirilir ki, Əmrə Morun əvəzində milliyə “Fənərbaxça”dan Alper Potuk dəvət olunub.
Daha öncə zədəli olduqları üçün Oğuzhan Özyakup və Ömər Toprak da Türkiyə millisinin heyətindən çıxarılmışdı. Onları müvafiq olaraq Mahmut Tekdemir və İrfan Can Kahveçi əvəz edib.
Qeyd edək ki, Türkiyə yığması martın 23-də doğma meydanda İrlandiya, ayın 27-də isə səfərdə Çernoqoriya ilə üz-üzə gələcək.