14 Sentyabr 2014 13:33
685
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun təşkilatçılığı ilə Qəbələ rayonunda səmti müəyyən etmə idman növü üzrə keçirilən Fövqəladə Hallar Nazirliyinin II Qapalı Çempionatı sentyabrın 12-də başa çatıb.

Teleqraf.com-un məlumatına görə, Qəbələ rayonundakı meşə massivində keçirilən yarışın bağlanış mərasimində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev çıxış edərək qeyd edib ki, FHN-nin qurumları arasında keçirilən səmti müəyyənetmə idman növü üzrə yarışda 21 qurumdan 21 komanda olmaqla 96 kişi və 5 qadın əməkdaş idmançı iştirak edib. Üç gün davam edən yarışda komandaların mübarizəsi ilə yanaşı, 15 nəfər iştirakçı şəxsi birincilik üzrə öz bacarığını nümayiş etdirib. O, çıxışında bildirib ki, FHN-nin səmti müəyyən etmə idman növü üzrə komandası dünya və Avropa çempionatlarında iştirak edir.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının aviasiya təhlükəsizliyi kafedrasının baş müəllimi Nizami Mursakulovun baş hakimliyi ilə keçirilən yarış iki mərhələdə, qısa və uzun məsafədə keçirilib. İştirakçılar əvvəlcə onlara ayrılan 2 saat vaxt ərzində kompas və xəritədən istifadə etməklə 3-4 kilometr məsafədə yerləşən 6 nəzarət məntəqəsini hamıdan tez taparaq finiş xəttinə çatmaq uğrunda mübarizə aparıblar. Sonra isə onların iştirakı ilə 3 saat ərzində 6-8 kilometr məsafədə yerləşən 10-12 nəzarət məntəqəsinin tapılması uğrunda yarış keçirilib.

Çempionatda FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin komandası birinci yeri, nazirliyin Sumqayıt və Muğan regional mərkəzləri isə müvafiq olaraq II-III yerləri tutublar. Şəxsi yarışlarda isə kişilər arasında Zahir Bağırov ( FHN-nin Sumqayıt Regional Mərkəzi) birinci, Müvəssil Allahverdiyev (Dövlət Sularda Xilasetmə Xidməti) ikinci, Vüqar Babayev (Dövlət Sularda Xilasetmə Xidməti) üçüncü yeri tutub. Qarınların yarışında isə Gülnarə Mərdanova (FHN-nin Şimal Regional Mərkəzi) birinci, Arzu Eyvazova (Xüsusi Riskli Xilasetmə Xidməti) ikinci, Rəqsanə Əyyubova (FHN-nin Sumqayıt Regional Mərkəzi) üçüncü yeri tutub.

Sonda FHN-nin İdman-Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev qalibləri təbrik edərək onlara medal, diplom və qiymətli hədiyyələr təqdim edib.





Müəllif: