30 Noyabr 2019 11:23
1 035
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Düdelanj"la matç mənim üçün avrokuboklarda sonuncu ola bilər".

Teleqraf.com xəbər verir ki, bu sözləri "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqov Report-a müsahibəsində deyib.

O, komandaya yeni güc və nəfəs lazım olduğunu söyləyib, amma problemlərdən də danışıb: "Ötən yay transferini istədiyimiz kimi keçirməmişdik. Bu yay Qurban müəllim bir çox mövqeylərin gücləndirilməsini istəyirdi. Hər zaman dediyimi təkrar edəcəm: futbolçular gəlmir, gətirə bilmirik, gəlmək istəmirlər, Azərbaycan klublarında oynamağa maraq göstərmirlər".

Azarkeşlərin, futbol ictimaiyyətinin "Qarabağ"dan daha yüksək nəticə tələb etmələri ilə bağlı suala cavabda Rəşad Sadıqov bildirib ki, bu, sevgi və istəkdən irəli gəlir: "Onları başa düşürük. Mən “Qarabağ”ın həm futbolçusu, həm azarkeşiyəm. Uduzanda həm futbolçu kimi, həm də azarkeş kimi məyus oluram. İstəyirəm ki, uğurlarımız daha çox olsun.

Onları yaxşı başa düşürəm ki, nə qədər həyəcan, stress keçirirlər. Bizdən nəticə tələb etmələrini normal qəbul edirik. Deyirlər ki, “Qarabağ” 3-4 gündən bir oyuna çıxmalıdır. Məncə, ictimai rəy doğrudur. Düzgün yanaşırlar. “Qarabağ” yox, “Qəbələ” olsun, bəzən anlayış göstərib, güzəşt etmək lazımdır. Biz o səviyyədə deyilik ki, 3-4 gündən bir stabil və yüksək səviyyədə oyun keçirək. O nə zaman olar?

Bu vaxt olar ki, sənin çempionatın dinamik, yüksək və böyük rəqabətli keçsin. Məsələn, kubok matçları 1/4 finaldan deyil, 1/16 və ya 1/32 finaldan başlasın. Belə halda ildən-ilə bu tip oyunlara uyğunlaşmaq mümkün ola bilər. Yaxud da geniş heyətin olmalıdır.

Amma biz 11 nəfərlik ideal heyət qurmaqda çətinlik çəkirik. “Sevilya” kimi komanda bir heyətini Avropa Liqasında, digərini isə La Liqada oynadır. Onlara yorğunluq və zədə amili demək olar, təsir göstərmir. Ancaq bizdə tam fərqlidir".


Müəllif: Teleqraf.com