14 Oktyabr 2014 01:48
628
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən şahmat üzrə Qran-pri turnirinin birinci mərhələsinin onuncu turu başa çatıb. Teleqraf.com-un məlumatına görə, Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu turda oynanılan partiyalara baxıb.

Azərbaycanın Baş nazirinin birinci müavini, 2015-ci ildə şahmat üzrə Dünya Kubokunun və 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov da Qran-pri yarışının onuncu turunda şahmatçılarımızın çıxışları ilə maraqlanıblar.

Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən yarışın bu turunda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ABŞ idmançısı Hikaru Nakamura ilə heç-heçə oynayıb. Digər şahmatçımız Teymur Rəcəbov isə İsrail təmsilçisi Boris Gelfanda məğlub olub.

On turdan sonra İtaliya şahmatçısı Fabiano Karuano və İsrail təmsilçisi Boris Gelfand hərəyə 6 xal toplayaraq 1-2-ci yerləri bölüşürlər. Sergey Karyakin, Petr Svidler, Yevgeniy Tomaşevski və Hikaru Nakamura 5,5, Teymur Rəcəbov və Aleksandr Qrişuk 5, Şəhriyar Məmmədyarov və Rüstəm Kasımcanov 4,5, Dmitriy Andreykin 4, Lenyer Domingez isə 3 xal toplayıblar


Müəllif:

Oxşar xəbərlər