Sentyabrın 12-də "McLaren” komandasının pilotu Daniel Rikkardo Formula 1 İtaliya Qran-Prisinin qalibi olub.
Teleqraf.com xəbər verir ki, "McLaren"nin digər pilotu Lando Norris yarışı ikinci, "Mercedes"in üzvü Valtteri Bottas isə üçüncü pillədə başa vurublar.
Bununla da D.Rikkardo karyerasında səkkizinci qələbəsini qazanıb.
Formula 1 üzrə dünya çempionatının 14-cü mərhələsi olan İtaliya Qran-Prisinin dünənki sprint yarışında "Mercedes" komandasından olan Valtteri Bottas qalib gəlib. "Red Bull"dan olan niderlandlı Maks Verstappen ikinci olub. Daniel Rikkardo isə üçüncü nəticəni göstərib.
Pilotların siyahısına 226,5 xalla Maks Ferstappen ("Red Bull") başçılıq edir. "Mercedes"in pilotları Luis Hamilton (221,5 xal) və Valtteri Bottas (141 xal) ilk üçlüyü tamamlayıblar.
Konstruktorlar kubokunda "Mercedes" 362,5 xalla birincidir. Hesabında 334,5 xal olan "Red Bull" ikinci, "McLaren" isə 215 xalla üçüncü yerdə qərarlaşıb.
Qeyd edək ki, növbəti yarış iki həftə sonra Rusiyada təşkil olunacaq.
Xatırladaq ki, iyunun 6-da Bakı şəhər halqasında təşkil edilən Formula 1 Azərbaycan Qran-Prisində "Red Bull"un pilotu Serxio Peres qalib olmuşdu.