Azərbaycan boksçusu Alfonso Dominges Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Teleqraf.com xəbər verir ki, 86 kq çəki dərəcəsindəki həlledici qarşılaşmada rəqib braziliyalı Keno Maçado olub. 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarının qalibi ilə döyüşün ilk raudunda 5 hakimdən 4-ü qələbəni Domingesə verib. Yalnız 1 hakim Maçadonu fərqləndirib.
İkinci raundda Azərbaycan təmsilçisini 5 hakimdən 3-ü üstün sayıb.
Üçüncü raundda Maçado nisbətən fəallaşıb. Bunun nəticəsində o, yekunda fərqi minimuma endirə bilib. Beləliklə, Dominges 3:2 (28:29, 29:28, 29:28, 30:27, 28:29) hesabı ilə qalib gələrək, karyerasında ilk dəfə dünya çempionu olub. Daha əvvəl o, Minsk-2019 II Avropa Oyunlarının qalibi və Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı adını qazanıb.
Beləliklə, kişi boksçulardan ibarət Azərbaycan millisi dünya çempionatını 1 qızıl, 2 bürünc medalla başa vurub. Daha əvvəl Sərxan Əliyev 71 kq, Məhəmməd Abdullayev isə 92 kq-dan yuxarı çəki dərəcəsində fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Dünya çempionuna kəmər və 100 000 ABŞ dolları, bürünc medalçılara 25 000 dollar mükafat verilib.