"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində cavab oyununa çıxacaq.
Teleqeaf.com-un məlumatına görə, "köhlən atlar" Macarıstanda "Ferentsvaroş" klubunun qonağı olacaq. "Groupama Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Qarşılaşmanı ispaniyalı FIFA referisi Karlos del Serro idarə edəcək.
Azərbaycan çempionu oyuna ciddi itkilərlə çıxacaq. İki əsas mərkəz müdafiəçisi - Maksim Medvedev və Kevin Medina zədə səbəbindən bu matçda iştirak edə bilməyəcək. Əvəzində ilk görüşü cəzalı olduqları üçün buraxan Kadi Borges və Riçard Almeyda komandanın baş məşqçisi Qurban Qurbanovun sərəncamında olacaq. Budapeşt təmsilçisindən isə Henri Vinqonun Ağdam klubuna qarşı oynamayacağı dəqiqdir. Rayan Mmae və Mats Knusterin meydana çıxmaları isə sual altındadır.
Mərhələni adlayan komanda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək.
Qeyd edək ki, ki, Bakıdakı ilk qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Bu cütün qalibi pley-offda "Şerif" (Moldova) - "Viktoriya" (Plzen, Çexiya) duelinin güclüsü ilə görüşəcək. Moldovadakı ilk matçda Çexiya təmsilçisi 2:1 hesablı qələbə qazanıb. "Ferentsvaroş" - "Qarabağ" cütündə uduzan tərəf isə Avropa Liqasının pley-offunda "Şemrok Rovers" (İrlandiya) - "Şkupi" (Şimali Makedoniya) cütünün məğlubu ilə qarşılaşacaq. İrlanidyadakı ilk oyunda meydan sahibləri 3:1 hesablı qələbə qazanıblar.