30 Sentyabr 2022 16:22
925
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) oğlu Azər Məhərrəmov Fransanın Dieppe şəhərində keçirilən qol güləşi üzrə dünya çempionatında qızıl medal qazanıb.

Bu barədə Teleqraf.com-a Azər Məhərrəmov özü məlumat verib.

O qeyd edib ki, yarışa sentyabrın 27-də qatılıb: “Yarışlar başqa kateqoriyalar üzrə oktyabrın 2-nə qədər davam edəcək. Masterlərdə birinci yeri qazandıq. Fransada Azərbaycanın üçrəngli bayrağını dalğalandırdıq, himnimizi səsləndirdik. Fransanın Azərbaycana qarşı qərəzli münasibəti hamıya bəllidir. Azərbaycanın bu ölkədəki səfirliyinin inzibati binasına ermənilərin hücum etməsi əməllərinə biz də belə cavab vermiş olduq. Yarışlara qatılanda da əsas arzumuz bu idi ki, Fransada Azərbaycanın himnini oxudaq və bu himnin altında fransızları ayağa qaldıraq. “Dəmir yumruğu” onlara göstərdik”.

Azər Məhərrəmov yarışın onun üçün bir qədər çətin olduğunu deyib: “Hava şəraiti ilə əlaqədar səhhətimdə problem yaranmışdı. Buna baxmayaraq yaxşı iştirak etdik. Allaha şükür, bayrağımızı burada dalğalandırmaq bizə nəsib oldu. Bu, tək bizim yox, xalqımızın, millətimizin qələbəsidir. Bura gəlməzdən öncə Fəxri Xiyabanı ziyarət etmişdik. Qələbəmi şəhidlərimizə ithaf edirəm. Allah qazilərimizə can sağlığı nəsib etsin”.

İdmançımız yarışda ümumilikdə dünyanın 20-yə yaxın ölkəsindən iştirakçının qatıldığını vurğulayıb: “Finalda rəqibim Böyük Britaniyanı təmsil edirdi. Finala qədər isə ABŞ, Polşa, İsveçrəni təmsil edən idmançılara qalib gəldim”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər