18 Oktyabr 2022 18:53
1 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Uşaqlarımızın və gənclərimizin idman sahəsinə böyük marağı var. Təcrübələrimi uşaqlarla bölüşürəm. Bu mərhələyə qədər idman karyeramda etdiyim nöqsanları yeniyetmə və gənclərimizə başa salıram ki, tez inkişaf etsinlər, uğur qazansınlar və nəticə göstərsinlər. İdman sahəsi həm çətin, həm də şərəfli bir yoldur".

Bu sözləri Teleqraf.com-a yunan-Roma güləşi üzrə Olimpiya mükafatçımız, Dünya və Avropa çempionumuz Rasul Çunayev deyib:

"Vəzifədə olan idmançılar niyə idman karyeralarına vaxt ayıra bilmirlər" sualına o, "Mən hərtərəfli fəaliyyət göstərməyə çalışıram",-deyə cavab verib.

İdmançı onu da deyib ki, bir aydır 190 saylı məktəbdə idman zalı fəaliyyətə başlayıb: "Burada təcrübəli məşqçilərimiz çalışırlar, mən master-klasslar keçirəm. Hazırda seçimlərimiz davam edir, məktəblərdə idman zallarımızın sayını çoxaltmaq niyyətindəyik. Təkliflər var və üzərində işləyirəm. Əsas məqsədimiz odur ki, idman zallarının sayını çoxaldaq.

Məşqçilərimiz öz sahələrində peşəkardırlar. İnanıram ki, gələcəkdə məktəblərimizdə dünya və Avropa çempionları yetişəcək, üçrəngli bayrağımızı beynəlxalq yarışlarda dalğalandıracaqlar. Bu layihəmizi bütün regionlarımızda həyata keçirməyi planlaşdırırıq. Düşünürəm ki, gənclərimiz düzgün və şərəfli yolda qalib gələrək, ailə üzvlərini sevindirəcəklər, xarici ölkələrdə Azərbaycan himnini səsləndirəcəklər. Həm vətənimiz, həm də ailələri üçün layiqli övlad olacaqlar.

İdman zalımızda 15 yaşına qədər yeniyetmələr arasında yarış baş tutdu. Yarışda 150-ə yaxın uşaq iştirak etdi. Hətta onu da qeyd edim ki, yarış üçün fəxri kürsünü belə özüm hazırladım. İdman zalımızda standartarımıza uyğun uşaqları qəbul edirik. İnşallah, idman zallarımızın sayı artdıqca mütəmmadi olaraq hər həftə, hər ay yarışlar təyin edib, onların inkişafı üçün işlər görəcəyik.

Məqsədimiz uşaqlarımızı həvəsləndirmək, stimul vermək, hədiyyələr təqdim etmək və həyatda mübariz olmağı öyrətməkdir. Beləliklə, onların sağlam böyüməsində, şəxsi inkişafında töhvələrimizin olmasını istəyirik".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər