"Bəzən futbolçular daha ciddi olmaq üçün məğlubiyyəti hiss etməlidirlər. Bunun köməyi ola bilər".
Teleqraf.com xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bildirib ki, həmişə qalib gələndə futbolçularda arxayınlıq yaranır: "Amma heç də hər zaman məğlubiyyət arzulamıram. Arada belə məğlubiyyətlərin faydası çox olur".
O, "Qəbələ"ni yarımfinala adlaması münasibətilə təbrik edib: "Düşünürəm ki, qələbəyə layiq idilər. Son matçlarda yaxşı çıxış edən komandaya qarşı oynayırdıq. Bu gün düşündüklərimiz çox da alınmadı. Buna rəqibin yaxşı oyunu təsir etdi. Kubok oyunları həmişə fərqli olur. Bu gün də bunun şahidi olduq. Qarşıda bu il üçün bir matçımız var. Yaxşı oyun göstərməyə çalışacağıq".
Təcrübəli mütəxəssisin sözlərinə görə, ölkə kuboku başqa prestijdir: "Çalışırıq ki, bu turnirdə oyun təcrübəsi daha az olan futbolçulardan istifadə edək. Neçə illərdir, bu, bizdə pis alınmır. Komandada ilin sonuna yaxın fiziki və psixoloji yorğunluq ola bilir. Həddindən çox texniki səhvlərimiz oldu. Orqanizm yorğun olanda düşüncə qabiliyyəti aşağı düşür. Bunun canlı şahidi olduq. Amma biz kuboka ciddi yanaşırıq. Çalışırıq ki, hər il kuboku başımız üzərinə qaldıraq. Bunun ləzzəti başqadır".
Qurbanov Azərbaycanda məğlubiyyətsiz çempionluq qazanmış yeganə komanda olan "Kəpəz"in uğurunu təkrarlamaq istəyib-istəmədikləri ilə bağlı suala belə cavab verib: "Belə bir düşüncəmiz yoxdur. Heç bir oyunda uduzmaq istəmirik. Futbolçulardan da tələbimiz budur. Çempionluğa oynayırsansa, hər matça qələbə üçün çıxmalısan".
Baş məşqçi "Qarabağ"da çıxış edən oğlu Musa Qurbanlının Polşanın "Poqon" klubuna mümkün keçidi məsələsinə növbəti dəfə münasibət bildirib: "Hazırda bu məsələ real deyil. Bildiyim qədərilə sadəcə maraqlanıblar. Amma bir məşqçi olaraq, hələlik getməyinin tərəfdarı deyiləm".