Bakı 2015 Avropa Oyunlarının orijinal yeni brendi dünyanın böyük dizayn vebsaytı tərəfindən tanınmışdır.
Design Week Avropa Oyunlarının avqust ayında buraxılmış yeni rəsmi brendini bir neçə başqa tanınmış şirkətlə birlikdə 2014-cü ilin ən böyük yeni tərtibatlarından biri adlandırmışdır.
Brend Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin dizayn komandası tərəfindən Londonda yerləşən məşhur SomeOne agentliyi ilə birlikdə hazırlanmışdır.
Bakı 2015-in Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qeyd edib: “Mən Bakının küçələrinə yaraşıq gətirmiş və dünyada dərhal tanınmış Avropa Oyunlarının yeni tərtibatı üzərində işləmiş hər kəsi təbrik etmək istərdim.
Brendimizin Design Week tərəfindən tanınması böyük nailiyyətdir və Avropa Oyunlarının dünyada populyarlığının daha da artmasına şərait yaradır”.
Bakının təbii gözəlliyindən ruhlanan bu yaraşıqlı yeni obraz idman obyektlərinin, biletlərin, uniformaların üzərində və Avropa Oyunlarının bütün merçendayzinq vasitələrində nümayiş etdiriləcək.
Yeni brendin mərkəzi elementi Azərbaycan folklorunda birliyin rəmzi olan nar ağacıdır. Bu ağacın budaqlarına isə müxtəlif idman növlərinin nəzərə çarpan piktoqramları ilə birlikdə ölkənin tarixi və mədəni simvolları birləşdirilmişdir.
Bakı 2015 Avropa Oyunlarının Kommersiya şöbəsinin direktoru Çarli Viceratna deyib: “Bu rəngarəng brend Avropa Oyunlarının dünyada tanınmasına xidmət edəcək marketinq fəaliyyətimizin mərkəzi hissəsidir.
Biz innovativ və Bakı 2015 Avropa Oyunlarını təmsil edən fəaliyyətimizlə tanındığımız üçün fəxr edirik”.