2 Avqust 2023 20:01
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ” UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyununu keçirib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan çempionu Polşada 2:3 hesabı ilə məğlub olduğu “Rakuv” klubunu Bakı Olimpiya Stadionunda qəbul edib.

Nisbətən sönük keçən qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb.

Hesabı gözlənilmədən fasilədən sonra qonaqlar açıblar. Fran Tudor 52-ci dəqiqədə qüvvətli zərbə ilə uzaq küncü dəqiq nişan alıb. Lakin polşalıların üstünlüyü çox çəkməyib. 60-cı dəqiqədə Redon Cica yaxın məsafədən rəqibi mərkəzə dəvət edib.

“Qarabağ”ın qalan dəqiqələrdəki təzyiqi bir nəticə vermədiyindən, oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə “Rakuv” turnirdə mübarizəni davam etdiribsə, Azərbaycan təmsilçisi Avropa Liqasına yuvarlanıb.

Qitənin ikinci dərəcəli klub turnirinin III təsnifat mərhələsindəki rəqib HİK (Finlandiya) - “Molde" (Norveç) cütünün qalibi olacaq.

Qeyd edək ki, “Qarabağ” I təsnifat mərhələsində Cəbəllütariq “Linkoln”unu hər iki görüşdə məğlub edərək (2:1, 4:0) mübarizədən kənarlaşdırıb.

21:23

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.

Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada Azərbaycan çempionu hesabı bərabərləşdirib - 1:1.

Redon Cica 60-cı dəqiqədə hesabı bərabərləşdirir.

21:15

“Qarabağ” və Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 52-ci dəqiqədə qonaq komandanın futbolçusu Fran Tudor olub.

Qeyd edək ki, oyunun ilk hissəsi qolsuz başa çatıb.

20:00

“Qarabağ”la Polşa klubu “Rakuv” arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Teleqraf.com xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılan görüş saat 20:00-da start götürüb.

Qarşılaşmanı almaniyalı baş hakim Sven Yablonski idarə edir.

Qeyd edək ki, komandalar arasında Polşada keçirilən ilk oyunda “Rakuv” 3:2 hesablı qələbə qazanıb.

19:16

Bakıda UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Qarabağ” və “Rakuv”un start heyətləri açıqlanıb.

Teleqraf.com Avropa futbol qurumunun rəsmi saytına istinadla start heyətləri təqdim edir:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 19. Redon Cica

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 11. Adama Diakabi, 17. Hamidu Keyta, 18. Junino, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 66. Patrik Andrade, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə

Baş məşqçi: Qurban Qurbanov

“Rakuv”: 1 Vladan Kovaçeviç, 4. Stratos Svarnas, 5. Qustav Berqqren, 24. Zoran Arseniç, 25. Boqdan Rakovitsan, 7. Fran Tüdor, 20. Cin Karlos, 66. Yannis Papanikolau, 77. Martsin Tsebulya, 9. Lukaş Zvolinski, 11. Con Yeboa

Ehtiyat oyunçular: 89. Katsper Beşad, 6. Şimon Çij, 8. Ben Lederman, 14. Srcan Plavşiç, 17. Mateuş Vdovyak, 22. Deyan Soresku, 27. Bartoş Novak, 30. Vladislav Koçergin, 93. Sonni Kittel, 99. Fabian Pyasetski

Baş məşqçi: David Şvarqa

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər