24 İyul 19:17
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Sabah bizi maraqlı oyun gözləyir. Yaxşı komandaya qarşı oynayacağıq. İlk oyunda sərfəli nəticə qazanmaq istəyirik. Matçın taleyi isə Slovakiyada həll olunacaq".

Teleqraf.com xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Slovakiyanın “Dunayska Ştreda” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin meydanda yaxşı pressinq etdiyini bildirib: "Komandada çox dəyişiklik olmayıb. Bizim kimi heyətlərini qoruyublar. Rəqibi nə qədər analiz etsək də, hər şeyi meydanda görəcəyik. "Şerif"lə oyunda 120 dəqiqə güc sərf etdiyimiz üçün futbolçulara istirahət vermişdik. Slovakiya təmsilçisi Moldova klubundan fərqli olaraq, daha təşkilatlanmış kollektivdir. Məni öz oyunumuz düşündürür. Vaxtımız az idi, lakin əlimizdən gələni edəcəyik”.

43 yaşlı mütəxəssis "Şerif"lə oyunda qırmızı alan Salifu Suma barədə də danışıb: "Öz karyerasına böyük zərbə vurdu. Bəlkə də "Şerif"lə oyundan sonra ona yaxşı təkliflər gələcəkdi. Mən ondan bu hərəkəti gözləmirdim. Əlbəttə ki, cəzasını alacaq".

R.Sadıqov hakim idarəçiliyinə də toxunub: "Bizim öz hakimlərimizi hər zaman yüksək tutmuşam. Düşünürəm ki, onlar daha böyük oyunları idarə edə bilərlər. "Şerif"lə matçda isə qazaxıstanlı referinin səhvləri çox idi. Lakin məğlubiyyətə səbəb hakimin epizodları deyildi. Azlıqda qalmağımız nəticə əldə etməməyimizə təsir göstərdi".

Qeyd edək ki, “Zirə”-“Dunayska Ştreda” oyunu iyulun 25-də “Dalğa Arena”da keçiriləcək. Cavab qarşılaşması isə bir həftə sonra Slovakiyada baş tutacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər