Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə turnirin ikinci günündə təmsilçilərimiz 2 gümüş və 2 bürünc medal əldə ediblər.
Teleqraf.com xəbər verir ki, 74 kq çəkidə sərbəst güləşçimiz Murad Süleymanov finala qədər maneəsiz irəliləyib.
Finalda Rusiya təmsilçisi ilə gərgin keçən görüş rəqibin üstünlüyü ilə tamamlanıb. Murad Süleymanov turnirin gümüş medalını qazanıb.
Turnirdə yunan-Roma güləşçilərinin yarışında 120 kq çəkidə mübarizə aparan Cavid Feyziyev gümüş medala sahib olub. 55 kq-da təmsilçimiz Mikayıl Rəhmanov isə bürünc medal qazanıb. Digər bürünc medalı isə yığmamıza, gənc qızlardan ibarət komandanın üzvü Türkan Nəsirova qazandırıb.
Beləliklə, Antalyada keçirilən turnirin ilk iki gününün yekunlarına görə, güləşçilərimizin aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc medal var.