Vəssalam! “Xəzər Lənkəran” üçün hər şey bitdi. Əminliklə söyləmək olar ki, mayın 22-də keçiriləcək final qarşılaşmasında cənub klubu olmayacaq. Deməli, 10 illik yubileydə də hansısa atəşfəşanlıq da yaşanmayacaq. Atəşfəşanlığın olması üçün hansısa səbəb, el arasında deyildiyi kimi, “üz” olmalıdır axı...
“Xəzər Lənkəran”ın 10 illik yubileyində belə çıxışı ancaq və ancaq “Palsüd”ün ayranlarını içmək üçün “üz” verir. Mustafa Dənizlinin də məşqçi nüfuzu bu ayranın içində əriyir yavaş-yavaş. Dənizlinin komandası Con Toşakın “Xəzər Lənkəran”ından qətiyyən fərqlənmir. Hər ikisi “Palsüd”ün istifadə müddəti bitmiş ayranı kimi turşməzədi. Elə “Real”ı çempion etmiş dünya şöhrətli Con Toşakı da bu turşməzə dad urvatsız duruma saldı Lənkəranda.
Uelslinin dediyi “başa düşürəm, bir nəfəri göndərmək 20 nəfəri göndərməkdəm çətindi” fikri, indi Mustafa Dənizlinin beynində dolaşır.
O vaxt klub rəhbərliyi çətindən qorxdu, asandan yapışdı. Lazımsız, vecsiz futbolçuları göndərmədilər, Toşakı qovdular. “Xəzər Lənkəran” rəhbərliyi çətinlikdən-zaddan qorxan deyil ha... Maşallah, imkanları hər çətinliyi adlamağa qadirdi. Amma ən böyük çətinlik o idi ki, vecsiz, lazımsız futbolçuları özləri doldurmuşdular kluba. Hərənin 3-4 futbolçudan ibarət qruplaşması mövcuddu orda. Vecsiz futbolçulardan formalaşmış toxunulmaz qruplaşmalar. Ən böyük çətinlik də bu qruplaşmaları dağıtmaq, onların mənafeyinə toxunmaqdı. Özü-özünə zərbə vurmaq çox çətindir axı...
Con Toşak təpədən dırnağa qədər peşəkar birisiydi. Təpədən-dırnağa qədər qeyri-peşəkar mühitə düşmüşdü. Adam dəli olardı belə mühitdə. Toşak dəli olmaq həddinə çathaçatda getdi Lənkərandan. İndi bəlkə də Avropanın hansısa klinikasında əsəblərini müalicə etdirir.
Mustafa Dənizli də peşəkardı. Umarım, hara gəldiyini dərk edib artıq. Artıq Lənkəranda işlədiyi müddətdə bir dəfə səhhətində problem də yaranıb, müalicə üçün Türkiyəyə gedib. Deyirlər sağlam qayıdıb ordan.
“Qəbələ” ilə qarşılaşmadan sonra sağlamlığının yerində olub-olmadığı haqda məlumat yoxdu. Aprelin 24-də, Lənkəranda keçiriləcək cavab qarşılaşmasından sonra “Mustafa Dənizli müalicə olunmaq üçün Türkiyəyə getdi” xəbərinə rast gəlsəniz təəccüblənməyin ha... İnanmıram ki, Mustafa hoca getsə, bir də geri qayıtsın. Sağlamlığınız qaydasındadır, Mustafa Hoca?
Natiq Muxtarlı