“Qəbələ” Azərbaycan Premyer Liqasının IV turunun “İnter”lə oyununun hazırlıqlarına start verib.
Teleqraf.com klubun saytına istinadən yaydığı xəbərə görə, Ukraynanın Odessa şəhərində keçirilən təlim-məşq toplanışını sentyabrın 7-də başa vurub, Qəbələyə qayıdan “qırmızı-qaralar” bir günlük istirahətdən sonra yenidən bir araya gəlib. Roman Qriqorçukun komandası bu gün şəhər stadionunda axşam məşqini keçirib. Axşam məşqinə fiziki hazırlıqla başlayan futbolçular ardınca topla çalışıb. Növbəti məşqini də doğma stadionda keçirəcək komandanın sentyabrın 11-də Bakıya yollanması planlaşdırılıb.
“Qırmızı-qaralar”ın oyun öncəsi son məşqi də həmin gün paytaxtda baş tutacaq.
Xatırladaq ki, IV turun “İnter” – “Qəbələ” qarşılaşması sentyabrın 12-də keçiriləcək. “İnter Arena”da oynanılacaq matç saat 20:00-da başlayacaq.