UEFA prezidenti Mişel Platinin Azərbaycana səfəri təxirə salınıb. Bu barədə Trend AFFA-ya istinadən məlumat verir.
Bir müddət əvvəl UEFA-nın prezidenti, FIFA prezidenti vəzifəsinə namizəd M.Platinin AFFA-nın dəvəti ilə bu ilin oktyabr ayında ölkəmizə səfər edəcəyi, səfər çərçivəsində Mərdəkan qəsəbəsindəki AFFA Futbol Mərkəzinin ərazisində inşa olunmuş Azərbaycan milli komandalarının təlim-məşq bazasının açılışında iştirak edəcəyi və Avro-2016-nın seçmə mərhələsində oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İtaliya oyununu izləyəcəyi barədə xəbər verilmişdi. Lakin FIFA-nın Etika Komitəsinin istintaq palatasının oktyabrın 7-də çıxardığı qərara əsasən, M.Platininin futbol sahəsində fəaliyyətinə 90 günlük qadağa qoyulub və bu səbəbdən UEFA prezidentinin Bakıya nəzərdə tutulan səfəri təxirə salınıb.
Yuxarıda qeyd olunmuş tədbirlərdə iştirak etmək üçün UEFA-nın baş katibinin müavini Teodor Teodoridis ölkəmizə səfər edəcək.