Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında 66 kq çəki dərəcəsində təmsil edəcək yunan-Roma güləşçisi Rəsul Çunayev Göygöldə keçirdikləri təlim-məşq toplanışını və olimpiadada medal şanslarını dəyərləndirib.
Teleqraf.com goal.az-a istinadən həmin müsahibəni təqdim edir:
- Göygöl toplanışını necə dəyərləndirərdiniz?
- Məqşləri hər gün davam etdiririk. Sabah Göygöl toplanışımız başa çatır. Sonrakı mərhələ Bakıda olacaq. Olimpiada yaxınlaşdıqca məsuliyyət daha da çoxalır, yarışın həyəcanını hiss edirik. Çalışacağıq ki, xalqımızı "Rio-2016"da sevindirək.
- Olimpiadada əvvəlki Yay Olimpiya Oyunlarının deyil, son dünya çempionatının qalibləri favorit qismində göstərilir. Bu baxımdan, sən də Olimpiya çempionluğuna namizədlərdənsən. Öz şanslarını necə dəyərləndirirsən?
- Olimpiadada say-seçmə idmançılar mübarizə aparacaq. Mənim çəkimdə 6-7 dünya çempionu, Avropa çempionu və Olimpiya çempionları var. Əlbəttə, heç biri zəif rəqib deyil. Hamısı hazırlıqlı pəhləvanlar olacaqlar. Hər görüş final əhəmiyyəti təsiri bağışlayacaq. Məşqçilərimizlə oturub, rəqiblərimizi analiz edirik. Hər bir rəqibi ciddi qəbul edirəm.
- İlk olimpiadanda maksimum nəticəyə ümid edirsən?
- Əlbəttə. İnanmasaydım, burada olmazdım. Hazırlaşıram. Bura qədər gəlib çatmışıqsa, deməli, ən yüksək nəticəyə inanmışıq. Tam formaya düşmək üçün qarşıda kifayət qədər vaxtımız var. Hər şey ilkdən başlayır. Mən də ötən il ilk dəfə dünya çempionu və Avropa Oyunlarının qalibi olduğum kimi, bu il də karyeramda ilkə imza ataraq, Olimpiya çempionu olmağı hədəfləmişəm.
- Çəki dərəcəndə ən güclü rəqib almaniyalı Frank Ştabler sayılır. O, ötən il dünya çempionu olub...
- Mən almaniyalı güləşçi ilə qarşılaşmamışam. Amma Avropa Oyunlarında bürünc medal qazanmışdı. Buna baxmayaraq, o, da güclü rəqibdir. Başqa güclü rəqiblər də var. İranlı dünya və Olimpiya çempionunu qeyd edərdim. Macarıstanlı pəhləvan var ki, ona bir neçə dəfə uduzmuşam. Serbiyalı, koreyalı dünya çempionlarını, eləcə də erməni Miqran Arutyunyanı qeyd edərdim. Hələ Rusiyanı hansı güləşçinin təmsil edəcəyi bəlli deyil. Bu cür kifayət qədər güclü pəhləvanlar var. Biz də hazırlaşırıq ki, rəqibdən asılı olmayaraq, döşək üzərinə qələbə üçün çıxaq.
- Hansı nəticəni özün üçün uğur, hansını uğursuzluq sayacaqsan?
- Əlbəttə, mənim üçün uğurlu nəticə Olimpiya çempionluğudur. Qismət olsa, bunu əldə edərəm. Gümüş və bürünc medal qazansam, deməli, Olimpiya çempionluğu mənə qismət deyilmiş. Çünki bu iki medal qardaşdırlar. İlk növbədə, qızıl medala ümidimiz var.