OPEK üzvü olan dövlətlərin Əlcazirdə keçirilən qeyri-rəsmi toplantısında neft hasilatının dondurulması ilə bağlı razılıq əldə olunub.
OPEK-in qərarından sonra dünya birjalarında neftin qiymətində yüksəliş baş verib.
Bəzi mütəxəssislər isə bildirir ki, OPEK-in bu qərarı müvəqqətidir. Yaxın illərdə neftin real dəyəri 45 dollar civarında olacaq.
Məsələni Teleqraf.com-a iqtisadçı Pərviz Heydərov şərh edib.
Pərviz Heydərov deyir ki, hasilatın dondurulması niyyəti bir neçə dəfə bəyan edilsə də, müvafiq qərar qəbul olunmayıb: “Bu dəfəki qərar daha real görünür. Fikrimcə, qərar qəbul olunsa belə, onun icrası gələn ildən tez baş tutmayacaq. Razılaşdırılası bir çox məqamlar var.
Neftin dünya bazarlarındakı hazırkı qiymətlərindən bütün hasilatçı ölkələr zərər çəksə də, onların hər birinin öz maraqları, iqtisadi və siyasi mənafe və məqsədləri var. Bu baxımdan konkret proqnoz vermək hələ tezdir”.
Pərviz Heydərovun sözlərinə görə, OPEK üzvləri bir qərara gəlsə də, təklif hasilatın azalması ilə məhdudlaşmayacaq: “Qiymət bahalaşan kimi ABŞ-da şist neft hasilatı sənayesi dirçələcək. Bir neçə müddətdir dünya bazarlarında neftin 1 barelinin qiyməti 40-45 dollardan yuxarıda dayanıb. Bununla yanaşı ABŞ-da aktiv neft quyularının sayının azalması prosesi də dayanıb. Qiymətlər 50 dollardan yuxarı qalxarsa, bu ölkədə neft hasilatı genişlənəcək. Bu isə təklifin azalmasının qarşısını alacaq”.
Federal Ehtiyat Sistemi (FED) baza faiz dərəcəsini artırarsa, dolların möhkəmlənəcəyini deyən ekspert qeyd edib ki, bu isə avtomotik olaraq neftin qiymətini aşağıya dartacaq: “Hər dəfə neft hasilatçısı olan ölkələr bir yerə yığışıb hasilatı aşağı salmaq və yaxud dondurmaq haqda bu və ya digər müzakirələr aparmaq istəyərkən, FED rəhbəri xanım Canet Yellen dərhal uçot dərəcəsinin artırılacağı haqda çıxışlar edir. Ona görə də mənim fikrim belədir ki, neft bazarında hələlik yalnız psixoloji təsirlərdən söhbət gedə bilər. Real olaraq hasilatla bağlı heç bir qərar qiymətlərə ciddi şəkildə təsir etməyəcək”.
İlhamə ƏBÜLFƏT