Bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı keçirilib. Toplantıda Prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısı tədbirdə nitq söyləyib. Prezident bildirib ki, bu tədbirdə müxtəlif ölkələrdən mötəbər nümayəndələr iştirak edir: “Azərbaycan Avropa Komissiyası ilə bu mühüm layihələrin həyata keçirilməsində sıx əməkdaşlıq qurub. Biz unikal və nümunəvi beynəlxalq əməkdaşlıq formatını yarada bildik”.
Prezident qeyd edib ki, Cənub Qaz Dəhlizi layihəsinin icrası gələcək əlaqələr üçün də vacib amildir: “1994-cü ildə imzalanan “Əsrin müqaviləsi”nin enerji layihələrinin həyata keçirilməsində əhəmiyyətli rolu olub. Müasir Azərbaycanın nailiyyətləri bunun sayəsində mümkün olub. Cənub Qaz Dəhlizi layihəsinin icrasında “Şahdəniz” qaz yatağı böyük əhəmiyyət daşıyır. Bu yataq Azərbaycanın nəhəng qaz ehtiyatlarına malik ölkə kimi tanınmasında mühüm rol oynayır. Layihə üzrə regional iş birliyi əhəmiyyətlidir. Uzun illər boyu Azərbaycan, Türkiyə və Gürcüstan tərəfindən icra olunan enerji dəhlizləri buna misaldır”.
Prezident bildirib ki, 2011-ci ildə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla təməlini qoyduqları Trans-Anadolu Qaz Boru Xətti (TANAP) Cənub Qaz Dəhlizi layihəsinin dönüş nöqtəsi olub.
Ölkə başçısı onu da qeyd edib ki, TANAP layihəsinin icrası zamanı optimallaşdırma işləri aparılıb və layihənin xərcləri azaldılıb. “Cənub Qaz Dəhlizi layihəsinin icrasına heç nə mane ola bilməz. Layihənin icrasında gecikmələrə yol verilməməlidir. Ekoloji problemləri bəhanə edənlər ola bilər. Layihə çərçivəsində ekoloji tələblərə tam riayət olunur. Nəticənin müsbət olacağına əminəm. Bir daha qeyd edirəm ki, layihə vaxtında icra olunacaq”, – deyə o bildirib.
Onu da qeyd edək ki, iclasda ABŞ-ı dövlət katibinin enerji diplomatiyası üzrə köməkçisinin müavini xanım Robin Danniqan, Böyük Britaniyanı baş nazirin Azərbaycan üzrə ticarət elçisi baronessa Emma Nikolson, Avropa İttifaqını (Aİ) isə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şevçoviç təmsil edib.
Aİ-nin nümayəndə heyətinin tərkibinə həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard daxildir.
Cənub Qaz Dəhlizi layihəsinə cəlb edilmiş ölkələrin nazirlərindən – Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak, Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Yunanıstanın ətraf mühit və energetika naziri Georgios Statakis, Albaniyanın energetika və sənaye nazirinin müavini İlir Bejtja, Bolqarıstanın energetika naziri Nikolay Pavlov və onu müşayiət edəcək “Bulgarian Energy Holding”, “Bulgargaz”, “IGB” və Energetika Nazirliyinin nümayəndələri iştirak edirlər. Monteneqronun iqtisadiyyat naziri Draqitsa Sekuliç, Xorvatiyanın ətraf mühitin mühafizəsi və enerji naziri Slaven Dobroviç, Bosniya və Herseqovinadan isə xarici ticarət naziri Mirko Saroviç də tədbirə qatılıb.
Serbiya, Rumıniya, Macarıstan, Çexiya, Polşa və Ukraynanın nümayəndələri qismində bu ölkələrin Azərbaycandakı səfirləri müəyyənləşib.
Qeyd edək ki, Cənub Qaz Dəhlizi 4 ayrıca layihədən ibarətdir. Birincisi, dünyada ən böyük qaz yataqlarından biri sayılan “Şahdəniz-2” layihəsinin işlənilməsidir. İkincisi, Azərbaycandan Gürcüstana mövcud qaz xəttinin genişlənməsidir. Bunun adı Cənubi Qafqaz Boru Kəməridir. Üçüncüsü, Türkiyənin şərq sərhədindən qərb sərhədinə qədər uzanan Trans-Anadolu (TANAP) boru kəməridir. Sonuncusu isə Trans-Adriatik boru kəməri – TAP-dır. Bu boru kəməri Türkiyənin Yunanıstanla sərhədindən başlayaraq Yunanıstanın, Albaniyanın ərazisindən və suyun altından keçərək İtaliyaya gedib çıxır. Birləşdirilmiş boru kəmərinin uzunluğu 3 min kilometrdən çoxdur və hazırda 7 ölkə Azərbaycanın rəhbərliyi altında bu layihənin fəal üzvüdür.
Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə 2016-cı il fevralın 29-da keçirilib.
Toplantı barədə fikirlərini Teleqraf.com-la bölüşən “Neft” Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşlərinin keçirilməsinin çox böyük əhəmiyyəti var. Onun sözlərinə görə, əvvəla, 3500 kilometrlik bir infrastruktur yaradılır: “Özü də bu infrastruktur Xəzər kimi qapalı bir hövzədə yerləşən təbii qazı dünyanın ən böyük istehlakçı bazarı ilə birləşdirməlidir. İkincisi, infrastrukturun özü çox mürəkkəbdir və biri-birindən asılı olmayan 3 müxtəlif boru kəməri konsorsiumundan ibarətdir. 7 ölkədən keçəcək bir boru kəmərləri sistemi yaradılır ki, yaxın 10 ilə qədər onun buraxıcılıq gücü də mütəmadi olaraq artırılacaq. Yəni, bunlar arasında uzlaşmanın təmin edilməsi, ən yüksək səviyyədə dialoqun yaradılması, layihələrin cari icra vəziyyətinin müzakirə edilməsi son nəticəyə qrafikə uyğun şəkildə çatmaq üçün çox mühüm məsələdir. Üçüncüsü, Avropadakı istehlakçılar heç zaman Azərbaycandan indiyə qədər qaz tədarük etməyiblər və onlar üçün Xəzər uzaq və “dumanlı” bir region olaraq qalmaqdadır. Yəni, müqavilə 2013-cü ildə imzalansa da, hələ tam əminlik yoxdur ki, bu qaz 2020-ci ilin IV rübündə onlara çatacaq, ya yox”.
İ.Şaban qeyd edib ki, ümumiyyətlə, meqa-infrastruktur layihələrində daim risklər mövcuddur: “Götürək Rusiyanın “Cənub axını” layihəsini və ya ABŞ-ın 3462 kilometrlik Keystone XL neft kəmərini. Sonuncu layihənin IV hissəsi 6 ildir reallaşmasını gözləyir və Donald Tramp buna icazə verdi. Bu baxımdan, yüksək səviyyədə keçirilən bu formatda görüşlərdə səslənən bəyanatlar, fikirlər Avropadakı istehlakçılar, həmçinin bu layihədə marağı olan ölkələr, o cümlədən tranzit ölkələr olan Gürcüstan və Türkiyə üçün bir növ mühüm mesajlar rolunda çıxış edir. Onların hökumətləri, qeyri-hökumət təşkilatları Bakı forumlarında səslənən son fikirləri öz cəmiyyətlərinə o prizmadan çatdırırlar ki, layihədən gözləntilər özünü doğruldacaqmı? Nə qədər qazanc olacaq, bunlar illər boyu iqtisadiyyata, işsizliyə, iqtisadi aktivliyə və sair indikatorlara necə təsir edəcək”.
Ekspert bildirib ki, Azərbaycan öz təcrübəsinə əsasən belə bir addım atıb: “Məsələn, Bakı-Tbilisi-Ceyhan inşa edilən zaman bu formatda görüşlər yox idi. Nəticədə BTC əleyhinə həm Gürcüstanda, həm Türkiyədə, həm də Londonda nələr etmirdilər?! Maraqlıdır ki, bunu həm o ölkələrin qeyri-hökumət təşkilatları, həm beynəlxalq qeyri-hökumət təşkilatları, həm də əl altından hökumətlər edirdi. Məsələn, Gürcüstanda Saakaşvili hakimiyyətə gələn kimi Borjomi məsələsi hay-küylə qalxdı, düz 6 ay boru kəmərinin tikintisi yubandı. İndi isə hər şey əvvəlcədən edilir”.
Səxavət HƏMİD