İqtisadiyyat naziri, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev Çinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vey Cinhua ilə görüşüb.
İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Azərbaycan-Çin iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclasına, eləcə də 4-8 noyabr tarixlərində Azərbaycan nümayəndə heyətinin Çinə səfərinin yekunlarına dair fikir mübadiləsi aparılıb.
Nazir Ş.Mustafayev qeyd edib ki, səfər zamanı Azərbaycan nümayəndə heyəti “Made in Azerbaijan” pavilyonunun da olduğu Birinci Çin Beynəlxalq İdxal Sərgisinin açılışında, sərgi çərçivəsində təşkil olunmuş 3 forumda iştirak edib, Çin rəsmiləri ilə görüşlər keçirilib, əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb, Şanxayda Azərbaycan Şərab Evi açılıb, Çinin “DİG” marketlər şəbəkəsində Azərbaycan məhsullarının satışına başlanıb, “G-hub Ticarət Mərkəzi”ndə Azərbaycan pavilyonu açılıb.
Azərbaycanın ticarət, turizm, investisiya, nəqliyyat-tranzit, İKT və digər sahələrdə Çinlə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu diqqətə çatdıran iqtisadiyyat naziri qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əlaqələrin inkişafı baxımından əhəmiyyətini vurğulayıb. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin Çinin “Kəmər və yol” strategiyasının reallaşdırılmasında rolunu qeyd edən Şahin Mustafayev tranzit-nəqliyyat sahəsində əlaqələrin genişləndirilməsinə dair səfər çərçivəsində müzakirələrin aparıldığını, Bakıda “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizi”nin təşviqi ilə bağlı Çin, Türkiyə, Qazaxıstan və Gürcüstanın iştirakı ilə tədbir keçirilə biləcəyini bildirib. Vurğulanıb ki, ölkəmiz Çin şirkətləri ilə əməkdaşlıqda maraqlıdır və onlar Azərbaycandakı əlverişli biznes və investisiya mühitindən yararlanmaqla sərmayə qoyuluşunu genişləndirə bilərlər.
Səfir Vey Cinhua ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, Çinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə önəm verdiyini vurğulayıb, əlaqələrin inkişaf perspektivlərinə dair fikirlərini bölüşüb.