“İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması Ermənistanın təhdid vasitələrini məhdudlaşdıracaq”.
Bunu Teleqraf.com-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O bildirib ki, İranla Azərbaycan arasında imzalanan Anlaşma Memorandumunun logistik, turistlik və idxal-ixrac kimi müxtəlif strateji əhəmiyyəti var: “Anlaşmaya əsasən, Araz çayı üzərində iki avtomobil (piyada keçidi ilə) və iki dəmir yolu olmaqla ümumilikdə dörd körpünün, eləcə də rabitə və enerji təminatı infrastrukturunun tikintisi nəzərdə tutulur.
Yeni nəqliyyat dəhlizinin çəkilməsi ilə bağlı gəlinmiş razılıq daha çox Ermənistana öz təzyiqini göstərəcək. Məlumdur ki, bu yolun coğrafiyası və strateji mövqeyi Zəngəzur dəhlizinə alternativ olaraq çəkilir. Ermənistan 2020-ci il noyabrın 10-da bağlanan üç tərəfli bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı razılığa gəlmədi. Beləliklə Ermənistan Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə quru nəqliyyat vasitəsinin çıxışına məhdudiyyət qoyaraq təzyiq yaratmaq istədi. Lakin İran ərazisindən keçməklə Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılması Ermənistanın bu təhdid vasitələrini məhdudlaşdırılacaq”.
İranla Azərbaycan arasında ticarət dövriyyəsinin strukturuna toxunan analitik onu da vurğulayıb ki, İrandan idxal olunmuş dəyərin həcmi həddən artıq çoxdur: “İki ölkə arasında ticarət dövriyyəsinin təxminən 85-90 faizini idxal təşkil edir. İxracın həcmi isə ümumi ticarət dövriyyəsinin sadəcə 12-13 faizini formalaşdırır.
Göründüyü kimi, İrana ixracın səviyyəsinin aşağı olması fonunda yeni nəqliyyat dəhlizi həm Naxçıvana, həm də Muxtar Respublika üzərindən Türkiyəyə, eləcə də İranı digər ərazilərinə Azərbaycandan ixracı həyata keçirmək üçün əlavə fürsətlər yaradır. Nəzərə almaq lazımdır ki, Rusiyaya tətbiq olunan sanksiyalar Azərbaycanın bu ölkəyə olan ixracının səviyyəsinə də təsir göstərib. Belə bir məqamda İran bazarına ixrac səviyyəmizin artırılması üçün bu nəqliyyat dəhlizinin xüsusi əhəmiyyəti olacaq”.
Eldəniz Əmirov hesab edir ki, İranla Azərbaycan arasında olan münasibətlərin yeni müstəviyə keçməsi Qarabağ müharibəsindən sonra yeni geosiyasi vəziyyətin formalaşması ilə birbaşa əlaqədardır: “İranın sərgilədiyi müəyyən qədər aqressiv mövqe son dövrlərdə kəskin şəkildə dəyişib. Bunun ilk təzahürlərini ötən ilin sonlarına doğru müşahidə etdik. Belə ki, İran körfəzini Qara dənizlə birləşdirəcək bir marşrutun İran, Azərbaycan və Gürcüstan üzərindən reallaşması üçün ölkəmizlə bir razılığa gəlindi. Ümumiyyətlə, şimal, cənub və qərb dəhlizinin koordinat başlanğıcı formasında bu ərazidə olması, nəticə etibarilə Azərbaycanın region ölkələrlə yeni iqtisadi və siyasi münasibətlərinin formalaşması üçün xüsusi bir zəmin yaradıb”.