19 Yanvar 2023 13:12
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, minimum aylıq əməkhaqqının 345 manata çatdırılması ilə bağlı Nazirlər Kabineti yeni Vahid Tarif Cədvəlini (VTC) təsdiq edib.

VTC üzrə artımlar həyata keçirildikdən sonra əhalini daha çox müəllim və həkimlərin maaşlarının artması maraqlandırıb.

Teleqraf.com-un məlumatına görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Səhiyyə Nazirliyinin tabeliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarında artımlar artıq realdır.

Deputat qeyd edib ki, səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir: “Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqları son artımlara aid olundu.

Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əməkhaqqı sxemi var. Bu qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər. Bu sektorlar üzrə çalışan və əməkhaqqıları minimum səviyyədən aşağı olanların maaşları da artırıldı. Çünki heç bir sektorda minimum əməkhaqqı məbləğindən az maaş verilə bilməz.

Gözləntilər isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əməkhaqqılar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür. Fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir”.


Müəllif: Yeganə Oqtayqızı