26 Yanvar 2023 14:40
1 611
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspertlərə görə, hazırda daşınmaz əmlak bazarında ciddi aktivlik var. Xüsusən qonşu ölkələrdəki vəziyyətlə bağlı faktiki Bakı şəhərində qeyri-yaşayış və yaşayış sahələri üzrə kirayə bazarında dinamiklik müşahidə olunur. Düşünülür ki, əgər düzgün qiymət olarsa, kirayə bazarında heç vaxt problem olmur.

Ötən illə müqayisədə mənzil bazarında qiymətlərin xeyli artdığı bildirilir. Kontingentin səviyyəsindən asılı olaraq metronun Əhmədli, Həzi Aslanov, Qara Qarayev istiqamətlərində qiymətlərin kəskin artdığı da gözdən yayınmır. Bu, orta və aşağı təbəqəli əhali qrupunun bu ərazilərə axını ilə izah olunur. Həmçinin ipoteka ilə olan mənzillərin alqı-satqısının o ərazilərdə çoxalması da prosesə təsir göstərən amillərdən sayılır.

Düşünülür ki, bəzi sosial qruplar üzrə bazara çıxarılan mənzillərin daşınmaz əmlak bazarına təsir imkanları sıfırdır. Ümumiyyətlə, hansısa bir inşaat kompleksinin tamamlanması Bakıda mənzil bazarına təsir edəcək gücdə deyil.

Daşınmaz əmlak sektoruna təsir edən yeganə vasitə ipoteka limitinin qurtarmağı və ya açılmasıdır. İlin əvvəlində İpoteka və Kredit Zəmanət Fondu təqdim etdiyi güzəştli ipoteka kreditləri bazara aktivlik gətirir.

"Vecon Consulting LLC"in direktoru Vüqar Oruc Teleqraf.com-a bildirib ki, daşınmaz əmlak bazarının ayrı-ayrı seqmentləri üzrə qiymət artımına meylilik hiss olunur.

İqtisadçının müşahidələrinə əsasən, həm obyektlərin, həm fərdi yaşayış evlərinin, həm torpaq sahələrinin, həm də yaşayış mənzillərinin qiymətində müəyyən artımlar var: “Ümumilikdə 2022-ci il daşınmaz əmlakın qiymətinin ən pik səviyyəyə çatdığı bir il oldu. Rusiya-Ukrayna arasındakı müharibə nəticəsində miqrantların ölkəmizə axın etməsi, eyni zamanda 30 ildən sonra işğaldan azad edilən ərazilərimizin bərpa-quruculuq işlərinə xarici dövlətlərin iş adamlarının investisiya qoymağa başlaması qiymətin artmasına təsir göstərən amillər sırasında oldu.

Bununla yanaşı, dünyada gedən qlobal inflyasiya nəticəsində Azərbaycan manatının da alıcılıq qabiliyyəti aşağı düşməkdədir. Öz mənzilini və ya obyektini bazara təklif edən şəxs düşünür ki, bir ay əvvəl bu qiyməti daha aşağı etmək olardı. Amma indi qiymətlər artdığından onun əmlakının alqı-satqısından sonra əldə edəcəyi məbləğin dəyəri daha aşağı ola bilər. Bu baxımdan əmlakı bazara daha yüksək qiymətə təklif edirlər.

Bu gün böyük obyektlərin qiymətində ciddi artım müşahidə olunmur. Başqa sözlə, böyük obyektlərə maraq azdır. Ölkədə biznes mühiti daha da yaxşılaşdığından və əlverişli olduğundan biznesin tələblərinə uyğun olaraq kiçik sahəli obyektlərin qiymətində ciddi artım müşahidə olunur”.

Vüqar Orucun qənaətincə, hazırda daşınmaz əmlak bazarında nizamsızlıq hökm sürür: “Bəzən elan saytlarında heç də bazara uyğun gəlməyən qiymətlər təklif olunur. Əmlak sahibləri belə düşünür ki, qiymətlər artırsa, bazara daha yüksək rəqəmlərlə təklif irəli sürmək lazımdır. Beləliklə, onlar öz obyektlərini daha yüksək qiymətə satmaq imkanı əldə edəcəklər.

Amma bazar özünü tənzimləyir. Real bazar dəyərinə uyğun təkliflər daha tez gerçəkləşir. Çünki əmlakın bazara təklif qiyməti reallığa yaxın olduqda, onun bazarda satış dövrü bir o qədər aşağı olur. Əgər qiymət yüksək olursa, o zaman ekspozisiya müddəti yüksəlir, hətta bir çox hallarda həmin obyekt öz müştərisini tapa bilmir”.

Analitik direktoru olduğu şirkətin müvafiq departamentinin nəticələrinə istinadən deyir ki, ötən il boyu mənzilin 1 kvadratmetrinin qiyməti təqribən 20 faiz civarında artıb: “Təbii ki, bu göstəricilər ərazi üzrə fərqlənir. Şəhər mərkəzinə müəyyən qədər yaxın olmayan, alqı-satqı prosesinin dinamikliyi ilə seçilməyən və komfort istəyi olan əhali hissəsinin maraqlarından kənar olan ərazilərdə belə bir çox hallarda 5-7-8.5 faiz civarında qiymət artımını müşahidə etdik. Hələ yanvar ayının nəticələri hazır deyil. Amma dekabrda müvafiq olaraq ortalama 2 faiz civarında qiymətlər artıb. Qiymət artımı davam etməkdədir”.

Vüqar Oruc yanvarın 24-dən etibarən İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka kreditləri verilməsi üçün növbəti ayırmanı etdiyinə diqqət çəkib: “Bu sosial proqram çərçivəsində ölkə vətəndaşları mənzillərə sahib olurlar. Təbii ki, bu addım xüsusilə daşınmaz əmlak bazarında dinamik bir vəziyyət yaradacaq və qiymətlərin artmasına da müəyyən mənada təkan verəcək. Çünki hər kredit ayırması baş verdikdə vətəndaşlarımız bu hüquqdan istifadə etmək üçün daşınmaz əmlak bazarına müraciət edir. İqtisadi qanundur ki, harada tələbat artırsa, orada qiymətlərin yüksəlməsi baş verir. Bu baxımdan hesab edirəm ki, yanvar ayında qiymətlərin yüksəlməsini müşahidə edə biləcəyik”.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən yanvarın 23-də onlayn satışı başlanan mənzillərin artıq böyük hissəsi bron edilib. Bu mənzillərin satışı bazara təsir edirmi?

Müsahibimizin sözlərinə görə, hər bir evin öz komfort səviyyəsi və ona uyğun müştəriləri var: “Təbii ki, bazara müəyyən məcmuda təkliflər artırsa, qiymətə və sektora bu və ya digər formada təsir göstərə bilər. Əgər ipoteka krediti ayrılırsa və kimsə öz mənzil şəraitini yaxşılaşdırmaq istəyirsə, məhz həmin evlərə müraciət etməyəcək.

Çünki bu halda daha çox əhalinin aztəminatlı təbəqəsi həmin binalardan mənzil almaq fikrinə düşəcək. Ona görə də hesab edirəm ki, həmin sosial mənzillərin bazara təsiri olsa da, çox cüzi olacaq. Yəni ümumi bahalaşma tendensiyasının qarşısı alınmayacaq. Çünki bu mənzillər məhdud saydadır və öz müştəriləri var. Bazarda təkliflər nə qədər çox olarsa, bu, daşınmaz əmlak sektorunu daha da dinamik olmasına gətirib çıxara bilər. Bu layihə də sektora çox cüzi təsir göstərə bilər”.


Müəllif: Yeganə Oqtayqızı