4 Sentyabr 2023 17:14
1 790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları bir ildə 25% artıb.

Bu il sentyabrın 1-nə AMB-nin valyuta ehtiyatları 9 milyard 364,4 milyon ABŞ dolları təşkil edib. Bu, avqustun 1-i ilə müqayisədə 1,3% çoxdur. AMB-nin valyuta ehtiyatları ilin əvvəlinə nisbətən 4,1%, son 1 ildə isə 24,8% artıb.

Azərbaycanın milli valyutasının kursuna təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Fondun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. Bu da manatın məzənnəsi baxımından vacib hesab olunur.

İqtisadçı Xalid Kərimli Teleqraf.com-a bildirib ki, AMB-nin ehtiyatları dekabrın 31-i ilə müqayisədə təqribən 370 milyon dollar artıb.

Analitik qeyd edib ki, sözügedən dövrdə valyuta ehtiyatları 8 milyard 995 milyon dollardan artaraq 9 milyard 364 milyon dollara çatıb: “Maraqlıdır ki, ehtiyatların 120 milyon dolları yalnız avqust ayında qeydə alınıb. Avqust ayında bəzi hərraclarda dollara olan tələbat yüksəlmişdi. Cari vəziyyət onu deməyə imkan verir ki, valyuta bazarında təklif tələbi üstələyir. AMB-nin valyuta ehtiyatlarının artımı Neft Fondundan transfer edilən pullarla əlaqəlidir. Yəni, təklifi əsasən Dövlət Neft Fondundan gəlir, amma istənilən halda Azərbaycan iqtisadiyyatının bəlli strukturu var və bu, həmişə belə olub”.

Xalid Kərimli Azərbaycanın ilk üçlükdə olan əsas ticarət tərəfdaşlarının milli valyutalarının kəskin ucuzlaşmasına da diqqət çəkib: “Son aylarda Türkiyə lirəsində təqribən 40%, Rusiya rublunda isə 30%-ə qədər ucuzlaşma müşahidə olunub. Bütün bunlara baxmayaraq Azərbaycanda tədiyyə balansında profsitin 6 milyard dolların üzərində olması, enerji qiymətlərinin yüksək olaraq qalması imkan verir ki, valyuta bazarında manata ciddi təzyiq formalaşmasın.

AMB-nin valyuta ehtiyatlarının artması onu deməyə imkan verir ki, Mərkəzi Bank hətta artıq olan dolları bazardan sterilizasiya edərək çıxarır və manatın dollara nisbətini 1.70 civarında saxlayır. Ümumi şəkildə qarşıdakı aylarda da manatın məzənnəsinə ciddi təzyiq gözlənilmir. Mərkəzi Bankın və hökumətin xüsusən də anti-inflyasiya çərçivəsində verdiyi bəyanatlar fonunda manatın məzənnəsinin hələ bir müddət də dolların 1.70 kursuna fiksə edilmiş məzənnə rejimdə qalacaq”.

Ekspert hesab edir ki, Azərbaycanın builki maliyyə planlarında Neft Fondunun satmaq istədiyi dolların həcmi manatın indiki məzənnəsini sabit saxlamağa kifayət edəcək: “Doğrudur, avqust-sentyabr ayları həm turizm, həm idxal, həm də dollara tələbatın artması baxımından aktiv dönəm hesab olunur. Mərkəzi Bankın valyuta ehtiyatları kəskin artmır, amma bank öz ehtiyatlarını artırıb. Bir sözlə, neft qiymətlərinin indiki intervalında valyuta bazarında hələlik manata qarşı ciddi təhlükə gözlənilmir”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər