Bu il oktyabrın 1-nə Azərbaycanın dövlət borcu 17 milyard 203,3 milyon manat və yaxud 2023-cü il üzrə proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 14,4%-i qədər olub.
Borcun 11 milyard 109,5 milyon manatı və yaxud 6 535 milyon ABŞ dolları xarici, 6 milyard 093,8 milyon manatı isə daxili dövlət borcudur. Bunlar isə gözlənilən ÜDM-in müvafiq olaraq 9,3%-i və 5,1%-i qədərdir.
İqtisadçı Xalid Kərimli Teleqraf.com-a açıqlamasında statistikanın müsbət yöndə olduğunu bildirib.
O qeyd edib ki, dövlət borcunun nə qədər olması ilə bağlı hökumətin hədəfləri var: “Dövlətin xarici valyutada olan borcunun yuxarı həddi də qoyulub - ÜDM-in 20%-dən yuxarı olmamalıdır. Maliyyə Nazirliyinin statistikasında xarici valyutada olan dövlət borcu 10 faizdən də aşağıdır. Yəni hökumət öz üzərinə götürdüyü hədəf göstəricisini artıqlaması ilə icra edir.
Dünya ölkələrində dövlət borcunun ümumi daxili məhsula nisbəti ortalama 60-66 faiz aralığında dəyişir. Azərbaycan isə xarici dövlət borcunda 20%-i özü üçün hədəf götürüb. Bu, valyuta risklərin aşağı olması baxımından çox müsbət bir hədəfdir. Dünya praktikasında xarici dövlət borcunun ÜDM-ə nisbəti 60 faizi ötərsə, riskli hesab olunur.
60 faiz hesablamaq üçün dövlət borcu bölünür ÜDM-ə. Bəzən burada 300 faizə çatan statistik hədəflər də olur. Məsələn, ABŞ-da 121 faizdir. İtaliya və Yaponiyada bu göstərici həddən artıq çoxdur.
Azərbaycanda isə 20 faizlik gərgin bir hədd götürülüb. Burada əsas nüans maddi imkandır. Nefti ixrac edən ölkə olaraq əlavə borclanmanı zəruri şəkildə hiss etmirik. Fərqli olaraq, inkişaf etmiş ölkələrdə borc yüksəkdir və onların çoxu öz valyutalarında borclanır. Məsələn, İtaliya əsasən avro, Yaponiya yenlə, ABŞ dollarla borclanır. Ölkə öz valyutası ilə borclananda defolt riski yaranmır”.
Azərbaycanda daxili borclanmanın artmasına diqqət çəkən iqtisadçı bunu məqsədəuyğun hesab edir: “Qənətimcə, daxili borclanmanı artırmağa davam etmək lazımdır. Daxili borclanmanın səbəbi dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsidir. 2024-cü ildə dövlət büdcəsinin gəlirləri ÜDM-in 28,5 faizi həcmində, yəni 33 milyard 765,0 milyon manat, xərcləri isə 36 milyard 355,0 milyon manat (ÜDM-in 30,7 faizi) həcmində proqnozlaşdırılır. Burada yaranmış 3 milyard manata yaxın bir kəsiri maliyyələşdirmək lazımdır. Bunu daxili bazardan cəlb etmək olar. Məsələn, Maliyyə Nazirliyi qiymətli kağızlar bazarını inkişaf etdirmək üçün istiqrazlar buraxır. Çox rahat şəkildə alınıb-satılan bu istiqrazlara şirkətlər və banklar investisiya qoya bilirlər. Bu, həm maliyyə bazarlarının inkişafı, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi məqsədilə buraxılır. Bu baxımdan hesab edirəm ki, manat ifadəsində borclanmanın artırılması məqsədəuyğundur. Hazırkı rəqəmlərdə ciddi risk görmürəm”.
Analitik dövlət büdcəsinin xərclərinin təsnifatına da toxunub: “Büdcənin xərclərində Qarabağın və Şərqi Zəngəzurun bərpası, müdafiə qabiliyyətinin yüksəldilməsi, regional risklər çərçivəsində təhlükəsizliyin artırılması, sosial və cari xərclər əhəmiyyətli istiqamətlərdir. Təbii ki, hökumət müxtəlif beynəlxalq layihələrdə də iştirak etməyi planlaşdırır. Yəqin ki, “yaşıl enerji” layihələri üzrə, eyni zamanda “Cənub Qaz Dəhlizi”nin genişləndirilməsi istiqamətində xarici valyutada əlavə borclanmalar ola bilər.
Beynəlxalq layihələrdə xarici borclanmaya getmək məqsədəuyğundur. Həm təhlükəsizlik, həm də nəzarət baxımından beynəlxalq institutların buraya cəlbi vacibdir. Hökumət xarici valyuta ilə borclanıb daha çox beynəlxalq layihələri idarə etməyə fikirləşir ki, bu da çox yaxşıdır".
Hazırda Azərbaycanın dövlət borcu ilə bağlı hər hansı bir risk və ya narahatlıq yoxdur. Borcdan çox, xərcləmələrin səmərəliliyinin yüksəldilməsi əsas istiqamətlər kimi müəyyənləşdirilməlidir”.