3 İyun 2021 09:25
103 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aparıcı Aytən Səfərova Teleqraf.com-un "Onun İNBOKSU" layihəsində qonaq olub.

- Aytən xanım, İnstaqram sizin üçün hansı missiyanı daşıyır?

- İnstaqram sosial şəbəkəsi mənimlə efir tamaşaçıları arasında ünsiyyətdir. Eyni zamanda cəmiyyətin nəbzini tutmaq məqsədi daşıyır.

- İnstaqramda 86 min şəbəkə izləyiciniz var. Bloka atdığınız izləyiciniz olurmu?

- Bütün izləyicilərimin gözüm üstündə yeri var. Amma blokda da üç minə yaxın şəbəkə izləyicisi var. Bir məsələni diqqətə çatdırım ki, mənim izləyicilərimin sayı realdır. Hər dəfə maaşı alanda karta 100-200 manat vurub, 15-20 min follover alım və sair kimi halları xoşlamıram.

- İzləyicilərinizi bloka atmağınıza səbəb nə olur?

- Kimsə şərh yazarkən söyüşdən istifadə edəndə, diskusiyalarda nalayiq sözlər işlədəndə, qadınları aşağılayanda xoşuma gəlmir. Ümumiyyətlə, mən gender bərabərliyinin tərəfdarıyam. Hesab edirəm ki, qadınlar heç də kişilərdən geridə qalmır. Qadınlarımız fiziki cəhətdən zərif məxluqlardır. Amma vəzifəyə təyin ediləndə, irəliyə çəkiləndə səmimi qəlbdən sevinən bir Azərbaycan qadınıyam.

Bəzən qadınlarımızı təhqir edirlər. Məsələn, gəlin üç uşağı ilə qaçdı, yazırlar ki, yüz faiz əxlaqsızdır. O tipli şərh yazanları, kiməsə vedrə qoşanları, qadınlara nalayiq fikir bildirənləri sevmirəm. Dərhal bloka atıram. Eləcə də dövlətimizin əleyhinə yazanları, araqarışdıranları da xoşlamıram.

- Bloka atılanlar siyahısında həmkarlarınız da varmı?

- Bəli, bir neçə həmkarımız da var.

- Kimdir?

- Biri var fərd olaraq, biri də var dəstəsi 15 qəpiklik, pula mənəviyyatı satanlar... Onlara həmkar deməzdim, jurnalistikanın qara simaları deyərdim.

- Saxta profil açmısınızmı?

- Xeyr, saxta profil açmağı xoşlamıram. Bir telefon nömrəm, bir adım, bir amalım, bir məqsədim və bir sifətim var.

- Sizə ünvanlanan bütün mesajları oxuyursunuz?

- Xeyr, çatdıra bilmirəm. Çünki 86 min izləyicim var. Bununla yanaşı izləyici olmayan, amma yazanlar da var. Ümumiyyətlə, direktə baxmağa vaxtım yoxdur.

- "Mən qadınam, qabyuyan yox" fikriniz yenə də aktualdır?

- Çox təəssüf ki, hələ də qadınlarımıza qabyuyan kimi baxanlar var.

- Kimi kökaltına salmaq istəyərsiniz?

- O qədər kökaltına salmışam ki. Hesab edirəm ki, qadınlara qarşı zorakılıq edənlərin kökü kəsilməlidir. Onları nəinki kökaltına salmaq, ümumiyyətlə, onların kökləri kəsilməlidir. Qanın xarab olması məsələsi var... Qadınlara təcavüz edən, uşaqlara pis baxanlar və ağacı içdən yeyən qurdların axırına çıxmaq lazımdır.

- Müsahibənizin birindən bir sitat gətirmək istəyirəm: "İnsanları çəkisinə görə qəbul edənlər içində mini beyni olanlardır". Belə insanlar yenə də ətrafınızda çoxdur?

- Ətrafda, cəmiyyətdə indi də elə insanlar var. Bir dəfə efirdə dietoloq mənə dedi ki, niyə arıqlamırsan, axı, bu çox asandır. Düşündüm ki, bunun səviyyəsinə bax.

Birincisi, sən qarşındakı insana hörmət etməlisən. Ona cavan verdim ki, kök olsam da beynim və kəlləm sizin ağlınızdan çoxdur.

Yenə də deyirəm, insan nə qədər özünü böyük göstərirsə, hesab edirəm ki, onun kəlləsi bir o qədər balacadı, o kəllənin içində balaca beyinə oxşar qurumuş nəsə qalıb. Kəllə olmaq lazımdır....Kəlləlik fiquraya, fizioloji görünüşlə deyil.

Stiven Hokinqin başı əyri idi, amma kəlləli insan idi. Kim ki fiquraya, buruna və sairə görə insanlara yanaşırsa, onlara baxıb deyirəm: Allah şəfa versin!


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər