18 İyul 2022 17:26
1 470
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ramiz Novruzun oğlu, aktyor Cavidan Novruz ilə xalq artisti Naibə Allahverdiyeva arasında qalmaqal daha da böyüyüb.

Naibə Allahverdiyeva Teleqraf.com-a açıqlamasında aktyor Cavidan Novruzu tanımadığını deyib.

O, aktyorun haqqındakı ittihamlarına belə cavab verib:

"O oğlanı tanımıram və adını çəkməmişəm. Demişəm ki, filankəs.. O kimlərisə misal göstərib, bəli, hər kəsin öz zövqü var. Onlar bizim gözəl sənətkarlarımızdırlar. O məni qəbul etməsə də, bunu gözəl qəbul edirəm. Hamı məni sevə bilməz ki! Mənim də öz sevənlərim var. Cavanlıqda ən gözəl rejissorlarla işləmişəm, Ramiz Mirzəyev, Şərif Qurbanəliyev, Cahangir Mehdiyev və s. Mənim "Tomka maçi" obrazımla bağlı danışan adam bir balaca epizodla inanmıram ki, 30 il yaddaşlarda qala bilər. Hər gün seriallarda oynayırlar, amma bir serialları yadda qalmır. Bu fikirləri səsləndirən adam 1 il efirə çıxmasın, yaddan çıxacaq. Demək olar ki, nə efirlərə çıxıram, nə də seriallara çəkilirəm. Amma yenə yaddaşlarda qalmışam. Adi bir "Tomka maçi" obrazım yaddaşlarda qalıbsa, balaca bir epizoddur, deməli, sənətkaram!

Qaldı ki, atasını tanımağıma... Onun atası haqda heç nə deməmişəm. Ramiz Novruz bizim gözəl sənətkarımızdır. Bununla yanaşı onun da adını çəkməmişəm. Cavidan Novruzu dediyim kimi tanımırdım. Ümumi komediya janrı haqda fikir bildirmişəm. Bunu yalnız mən deyil, çoxları deyirlər. Fikirlərim ona necə təsir edibsə, açıqlama verib. Əgər sözüm önəmli deyilsə, niyə açıqlama verirsən? Sənətkar kimi məni "boş" sayırsansa, sözümü havaya at... Niyə mənim sözümə qıcıqlanırsan?!. Gündəmə gəlmək istəyirsənsə, başqa şeylə gəl. Tayım deyilsən. Heç bilmirdim ki, Ramiz Novruzun oğlusan. Səni görməmişəm, tanımıram, bilmirəm. Bu sözləri də sənin haqda deməmişəm, fikirlərimi ümumi demişəm. Məni sənətkar kimi bəyənməyə bilərsən, amma mən Azərbaycanda tanınmış, sevilmiş on aktrisadan biriyəm. Öz sözünü deyən sənətkaram! Mən xalq artisti fəxri adına layiq görülmüşəm. 35 il teatrda can qoymuşam, xalqın sevimli aktrisasıyam. O gəlsin səviyyəmə çıxsın, sonra danışarıq. Get işinlə məşğul ol, rolunu oyna! Demirsən ki, "Tomka maçi" obrazı, onunla bir gecənin içində tanınmışam. 35 ildir ki, obrazım yaddan çıxmır. Mən o qədər obraz oynamışam ki. Məni kimsə qəbul etmirsə, öz işidir! Onun haqqında danışmağa haqqı çatmır. Gör nə günlərə qalmışıq ki, böyük söz deyə bilmir. Ona əsəbləşirəm. Sözdür, demişəm, qəbul etməyə bilərsən. Qəbul etmirsənsə, sözümə reaksiya vermə. Ucuzsunuz, ayıbdır. Səni heç tanımıram. Bizim o qədər gözəl aktyorlarımız var ki, hamısını dəstəkləyirəm. Şokdayam. Bu nə hərəkətdir!? Sözlərimi ona aid etməmişəm, bir aktyor kimi tanımıram.

Ümumi danışmışam, nə demişəm, əcəb eləmişəm. Buna haqqım da var. Çünki mən sənətkaram! Mənim səviyyəmə çatsınlar, sonra haqqımda fikir bildirsinlər. Teatrda rollarıma bax, tamaşaçı məni ayaqqüstə alqışlayır. Sonra haqqımda nəsə fikir bildir! Ümumiyyətlə, belə adamlar haqda danışmaq istəmirəm. Demişəm yaxşı eləmişəm, komediya deyil, "kloun"luq, təlxəklik edirlər. Komediya sahəsini pis günə qoymusunuz! Əvvəl komediya insanları düşündürürdü. Bu fikirləri deməyə ixtiyarım çatır. Ən gözəl rolları oynamışam. Necə uğursuz ola bilərəm!? 25 yaşımdan bir gecənin içində məşhur olan aktrisayam. Uğurlu aktrisayam. Dövlətim mənə ən yüksək fəxri ada layiq görüb. Sən kimsən ki, məni uğursuz hesab edirsən!? İndi eşidirəm ki, sənətkarın oğlusan. Bu sözlər sənə yaraşırmı? Sənin ünvanına desəydim, zəng edib deyərdin. Sənin atan da, mən də xalq artistiyəm. Bu ada nə hörmətsizlikdir!

Başqa aktrisaların adını çəkmisən, onları mən də çox sevirəm. Əgər məni alçaltmaq istəyirsənsə, səhv etmisən. Məni alçalda bilməzsən! Mənim qiymətimi dövlətim və xalqım verib. Guya başqalarının adını çəkməklə məni alçaltmaq istəyib!? Bu haqda heç bir jurnalistə açıqlama verməyəcəm. Artıq ona cavab verməyəcəm. Yalnız öz səviyyəmdə olan insanların fikrinə reaksiya göstərəcəm".

Qeyd edək ki, Cavidan Novruz İnstaqramda hekayə bölümündə xalq artisti haqda bu szöləri yazıb: "Vallah “Komedixana” nə qədər bu sənətdə olan adamların gözünə girir? Fikir verirəm ki, cavanlıqda teatrda və kinoda uğur qazanmayanlar indi bizə söz atır. İndi də “Tomka maçi” sözləri ilə məşhurlaşan sənətkar nəsə deyir. Eybi yox, onun nəsə deməsi elə də təsir etmədi, amma bunu da deyim: Çox ucuzsunuz, çox!

Bu cür iradları Sənubər İsgəndərli, Zenfira Əbdülsəmədova, Səidə Quliyeva, Mehriban Zəki və s. kimi sənətkarlar desəydi sakit susub, üzərimizdə iş aparardıq. Bu insanlar səhnədə sakit duruşu ilə sözün əsl mənasında sənətkar adını qazanan sənətkardırlar, "Tomka maçi" yox da. Barmaqla saysaq bir uğurlu obrazı yoxdu. Axı sən kimə bu sözləri deyirsən? Xanımsan, xanımlığını et. Sənətdə olan insansan. Ən azından hər şeyi kənara qoyaq, atamı tanıyırsan. Vallah çox ucuzsunuz! Heç cürə yaşınızla, uğursuzluğunuzla barışa bilmədiniz. Müdrikləşə bilmədiniz. Çox təəssüf. Bunları ümumi dedim”.

Xatırladaq ki, Naibə Allahverdiya mətbuata açıqlamasında komediya verilişləri ilə bağlı “Məni televiziyalara dəvət etsələr də getmirəm. Çünki bəzi insanlarla bir efirdə olmaq istəmirəm. Onların tamaşaçılara xeyri nədir ki? Gəncliyə faydası olan, onları düşündürən heç nə yoxdur. Əvvəllər hər şey fərqli idi" sözlərini deyib


Müəllif: Rəqsanə Həsənova