Aparıcı Sərxan Kərəmoğlu həmkarı Lalə Azərtaşı tənqid edib.
Teleqraf.com xəbər verir ki, o, sosial şəbəkədə bu sözləri yazıb: "Bu adamla qərəzin sonu nə vaxt olacaq? Guya Cavanşir Məmmədov fəxri adla bağla nəsə deyib, siz niyə həmin fikirləri efirdə səsləndirdiniz? Cavanşir bəy Türkiyə vətəndaşı Kemal Mustafa İbilinin cinayət işi var deyir, siz isə onu aydan arı, sudan duru kimi təqdim edirsiniz. Efir qaydalarına görə öncədən xəbərdarlıq etmisiniz ki, haqqınızda bizə şikayət var.
Cavanşir bəy deyir ki, o oğlanın qızımla heç bir əlaqəsi yoxdur, amma siz onun əməkdar artistimizin qızıyla qeyri-rəsmi nikahda olmasının üzərində dayanırsınız. Cavanşir bəy deyir ki, o oğlan yaxınlıqda kirayə mənzildə qalıb, siz isə oğlana inanırsınız. O oğlan guya telefonda sizə Cavanşir bəyin qızının şəkillərini göstərib, bunu isə siz efirdən xalqa məsləhət verirmiş kimi özünüzü şirin salaraq niyə səsləndirirsiniz? Guya xanımlara məsləhət verirsiniz ki, belə şəkillərinizi kimsəyə göndərməyin.
Efirə şikayətçi gəlib, dinlə və birtərəfli olma. Təbii ki, Lalə xanım, sizin verilişinizin baxımlı olması üçün Cavanşir lazım idi. Amma hər şeyi dadında buraxmaq gözəldir.
Sadəcə tövsiyə edirəm, məsləhət deyil. Nə etsəniz də Xoşqədəm Hidayətqızı olan teleməkanda sizə baxılmayacaq. Hələ mən Zaur Baxşəliyevi demirəm. Sosial platformalardan gördüm ki, oğlanı məhkəmə zalından həbs ediblər. Siz yenə deyirsiniz ki, Cavanşir hardan bilirdi ki, o, məhkəmə zalından həbs olunacaq... Cinayətkar sonunda yaxalanmalı deyildi?
Hörmətli Lalə xanım, yəqin ki, yazdıqlarımızdan inciməzsiniz. Çünki ən azından peşəkar olduğunuza görə".
Qeyd edək ki, Türkiyə vətəndaşı Kemal Mistafa İbili Lalə Azərtaşın aparıcısı olduğu “Təsir dairəsi”ə müraciət edərək əməkdar artist Cavanşir Məmmədovla məhkəmə prosesi haqda danışmış, onun qızı Xatirə ilə qeyri-rəsmi nikahda yaşadığını demişdi.
Mustafa İbili Cavanşir Məmmədov tərəfindən aldadılaraq 300 min dollarının mənimsənildiyini açıqlamışdı. Əməkdar artist isə bu iddianın əsassız olduğunu və qarşı tərəfin onun ailəsinə 100 min dollara yaxın borclu olduğunu söyləmişdi.
Bu gün isə Mustafa məhkəmə zalında həbs olunub və 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.