Tanınmış müğənni Mehin Hümbətova Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik.
- Mehin xanım, yaxın günlərdə "Sən yoxsan" adlı mahnıya çəkilən klipinizi təqdim etdiniz. Klip tamaşaçılar tərəfindən necə qarşılandı?
- "Sən yoxsan"a tamaşaçılar tərəfindən çox yaxşı reaksiyalar gəldi. Dedilər, sanki film kimi çəkilib. Çox sevinirəm ki, Azərbaycan mədəniyyəti üçün keyfiyyətli işlər görür və təqdim edirəm. Sadəcə mahnı oxuyum, klip çəkdirim yox. Yəni işimə məsuliyyətlə yanaşıram.
Hazırda yeni mahnıma klip çəkdirməyə hazırlaşıram. Klipi oktyabrın sonuna təqdim etməyi düşünürük. Ritmik mahnıdır. Əvvəl işlərimə art yanaşırdım, dedilər ki, bəsdir. Ona görə də bu mahnı kommersiya xarakterlidir.
- Bir müddət sənətdən uzaqlaşdınız. Fəaliyyətinizə ara verməyinizə səbəb nə idi?
- Bəli, bir müddət fasilə oldu. Başım başqa işlərə qarışmışdı, onları həll etdim. Hazırda bütün enerjimi, gücümü sənətimə sərf edirəm. İşlər öz axarı ilə davam edir. Artıq yaradıcılığa köklənmək vaxtıdır...
- Fəaliyyətinizə ara verməyinizə baxmayaraq Mehin Hümbətova olaraq gündəmdən düşmədiniz.
- Aparıcı kimi fəaliyyət göstərirəm, İnstaqramdan aktiv istifadə edirəm. Öz auditoriyam var və məni tanıyırlar.
- Bu müddət ərzində məşhurluğunuzu itirmək qorxunuz oldumu?
- Əsla, məşhurluğumu itirmək qorxum yoxdur, çünki yalnız populyar olum deyə fəaliyyət göstərmirəm. Mənim ifa etdiyim hər mahnıda həqiqətən bir hekayə var. Populyarlığımı itirsəm belə, el şənliklərinə getmədiyimə görə bu məni incitməz. Sırf gündəmdə olum, toy mərasimlərinə dəvət etsinlər və sair kimi məqsədim yoxdur.
- Toy mərasimlərinə getməməyinizin səbəbi nədir?
- Böyük bir səbəb axtarmağa dəyməz, sadəcə özümü orada görmürəm. Korporativ və dövlət tərdbirlərində çıxış edirəm. Amma hələ ki toy bazarında yoxam...
- Müğənnilərin maddi gəlir mənbəyi əsasən toy mərasimləridir. Siz maddi gəliri haradan əldə edirsiniz?
- Maddi gəlirimi reklamlardan, aparıcılıq fəaliyyətindən əldə edirəm. Şəxsi biznesim də var. Bunlar şərait yaradır ki, sənətimlə normal məşğul olum. Sənətə ara verəndə biznes işlərimlə baş vurmuşdum ki, kariyerama vəsait ayırmağa gəlir mənbəyim olsun.
Əgər sənətdə fəaliyyət göstərirsənsə, pul xərcləməlisən. Xərcləyəsən ki, qazanasan. Mən də təbii ki, toy mərasimlərinə getmədiyimə görə korporativlərdən pul qazanırdım. Elə tədbirlərdə yüksək qonorar olmadığına görə digər işlərimi həll etdim. İndi öz qazancımla sənətimə pul ayırıram.
- Bundan sonra da toy məclislərinə getməyəcəksiniz?
- Bundan sonra nə olacaq, nə baş verəcək, bilmirəm. “Heç vaxt” və “yox” deyə bilmərəm. Vəziyyət elə dəyişə və yaxud hadisələr elə cərəyan edə bilər ki, seçilən toy mərasimlərinə gedərəm. Amma kariyeramı sırf toy biznesi üzərində qurmaq istəmirəm. Çünki sənətimi, təhsilimi başqa cür dəyələndirirəm. Elə insanlardan təhsil almışam ki, onu sırf toy səhnələrində xərcləmək istəmirəm.
- ATV kanalında yayımlanan "7 özəl” verilişinin aparıcısı idiniz. Veriliş yeni televiziya mövsümündə davam edəcəkmi?
- Bəli, davam edəcək.
- Müsahibələrinizin birində qeyd etmisiniz ki, ATV kanalı tərəfindən maqazin formatında yeni layihə təqdim edilib. Bu təklifi qəbul etməyi düşünürsünüz?
- İş təklifi "ATV" kanalından yox, prodakşın tərəfindəndir. Hazırda çalışdığım veriliş “Özəl Media”nın məhsuludur. Bir çox kanallarda layihələr prodakşınlar tərəfindən reallaşdırılır və kanala təqdim edilir. Növbəti işlərimiz nə olacaq, bilmirik. Xeyirlisi olsun. Hazırda iş təkliflərini dəyərləndirirəm.
Ümumiyyətlə, seçici insanam. Reklam təklifləri gələndə belə seçici davranıram. Hər reklam təkliflərini qəbul etmirəm. Yetər ki, pul qazanım deyə düşünmürəm.
- Özünüzü daha çox harada rahat hiss edirsiniz, səhnədə ifa edərkən yoxsa aparıcılıq fəaliyyətinizdə...
- Hər ikisində özümü yaxşı ifadə edirəm. Amma sənətim ifaçılıqdır deyə orada özümü daha peşəkar hesab edirəm. İstənilən ifaçının qarşısında sözümü deyə bilirəm. Özgüvənim də oradan gəlir.
Aparıcılıqda isə diksiyama, təhsilimə və dünyagörüşümə əminəm. Ümumiyyətlə, efirdə də aparıcı və müğənni kimi kifayət qədər sözümü deyə bilərəm.
- Maraqlıdır, neçə xarici dil bilirsiniz?
- Xarici dilləri bilirəm, amma poliqlot deyiləm. Rus, ingilis dillərində sərbəst danışıram. Mütaliəni çox sevirəm. Əvvəllər bədii və dedektiv əsərləri oxumağı xoşlayırdım. Yaş artdıqca insan həyata, ətrafda baş verənlərə başqa cür yanaşmağa başlayır. Sonuncu oxuduğum "Жить на полную" kitabıdır. Kitab insanların maddi deyil, mənəvi dəyərlərə üstünlük verməsindən bəhs edir.
İnsan yaşadığı hadisələrə görə özünü zamanla başqa cür dərk etməyə başlayır. Bir neçə ildir, mənəviyyatımızı zənginləşdirən kitablar oxuyuram. Bu tip kitablar mənə çox yaxşı təsir edir.
Çox emosional və enerjili insanam. Belə kitablar oxuduqca hisslərimi daha gözəl idarə edirəm.
- Həm də aparıcı kimi fəaliyyət göstərirsiniz. Televiziya kanallarımızı izləyirsinizmi? Televiziyalarımızın bugünkü səviyyəsindən razısınızmı?
- Televiziyaların hazırkı vəziyyətindən yavaş-yavaş razı olmağa başlayıram. Çünki artıq yeni layihələrlə inkişafa doğru gedilir. Son on ilin vəziyyəti qənaətbəxş deyildi. Kanalların bəziləri bazara çevrilmişdi. İstedadlı ifaçılar da radio və televiziyalara pul müqabilində çıxırdılar. Düzdür, məndən heç vaxt heç bir kanal maddi nəsə tələb etməyib. Bu fikirləri özümə görə qeyd etmirəm.
Ətrafımda kifayət qədər istedadlı insanlar var. O qədər istedadın qarşılığında heç bir kanala əlləri çatmır. Düzdür, texnologiya dövrüdür, internet vasitəsilə nələrisə etməyə çalışırlar, amma mənə elə gəlir, televiziya tamaşaçıları bütün ifaçıların və yaradıcı insanların həyatında bir təkandır.
Sosial şəbəkələrlə paralel olaraq televiziya kanallarına çıxmaq lazımdır. Televiziyalarmızın bügünki vəziyyəti normaldır. Sevdiyim və izlədiyim kanallar İTV və ATV-dir.
- Bir az öncə qeyd etdiniz ki, şəxsi biznesiniz var. Bir çox həmkarlarınızın biznes sahəsi uğurlu olmayıb. Sizdə vəziyyət necədir? Gələcəkdə iş xanımı olmaqda iddialısınızmı?
- Biznes sahəm uğurludur. Qısa müddətdə çox uğur qazandıq. Hazırda biznesimizi genişləndiririk.
- Restoranlar şəbəkəsi olacaq?
- İnşallah! Çox şükür, biznes fəaliyyətimdə hər şey qaydasındadır. Düşünürəm ki, biznesimizi böyüdək, inkişaf elətdirək və cəmiyyətə bir faydamız dəysin.
- Şəxsi həyatınızı mətbuatdan uzaq tutursunuz. Sevdiyiniz şəxs və evlilik təklifləri varmı?
- Həyatda yaşadıqlarımız bəzən qərarlarımızda radikal dəyişikliyə səbəb olur. Vaxt keçdikcə həyata baxışımız fərqlənir. Özümü hazırda sırf kariyeramın inkişafına istiqamətləndirmişəm. İnsan ailə qurub uşaq dünyaya gətirməyə hazır olmalıdır. İndilərdə kariyeramın inkişaf dövrünün həzzini yaşayıram.
- Cəmiyyətimizdə boşanma halları çoxalıb. Bu haqda nə deyə bilərsiniz?
- Qız uşaqları məktəbi bitirdikdən sonra ya ailə qurmalı, ya da universitetə daxil olmalıdı. Valideynlər yönləndirmirlər ki, kariyera qurmalı, inkişaf etməli, dünyagörüşünü zənginləşdirməli, xarici ölkələrə səyahət etməlisən... Əslində, həyatda xoşbəxt olmaq üçün daha çox səbəblər var. Bizim həyatdakı rolumuz ailə qurub, uşaq dünyaya gətirməkdən ibarət deyil. Məcburi qurulan ailələrin də nəticəsidir ki, bu qədər boşanmalar var.
- Şuşalı kimi gələcəkdə nə planlarınız var?
- Bizim Şuşada evlərimiz var, valideynlərimin və nənəmin yaşadığı evlər. İnşallah, Şuşa ilə bağlı maraqlı planım var, bizneslə bağlıdır. Tezliklə anamla Şuşaya gedəcəm. Evimizi və Şuşanın təbiətini görmək istəyirəm.
Mən Şuşanı görməmişəm, 1993-ci ildə Bakıda anadan olmuşam. Uşaqlıqdan Şuşa haqqında eşitdiyim xatirələri gedib gözüm ilə görmək istəyirəm. Mənə elə gəlir, dövlətimizlə birlikdə hər birimiz işğaldan azad edilən torpaqlarımız üçün əlimizdən gələni etməliyik. Mən də bir şuşalı, azərbaycanlı kimi əlimdən gələni etməyə çalışacam.
- Şuşada gələcəkdə konsert proqramı ilə çıxış etmək istərdinizmi?
- Niyə də yox. O vaxta qədər aradıcılığım üzərində daha da çox işləməliyəm. Mən hər zaman işimə məsuliyyətli yanaşıram.
- Bacınız Günel Hümbətova Amerikada yaşayır və orada fəaliyyət göstərir. Bacınızın Azərbaycana və yaxud əksinə sizin Amerikaya köçmək kimi fikriniz varmı?
- Günelin Amerikada vəziyyəti çox yaxşıdır, orada məşhur şirkətlərin birində çalışır. Qızı məktəbdə təhsil alır. Düşünmürəm ki, Günel o uğuru qoyub Bakıya gələr.
Bu yayda ailəlikcə İtaliyada idik. Bu haqda da danışdıq. Çox şükür, qeyd etdiyim kimi Günelin vəziyyəti yaxşıdır. Amerikada öz şəraiti var. Mənim də vəziyyətim Günellə eynidir. Bakıda öz şəraitim var.
Mən universiteti bitirdikdən sonra anam dedi ki, İtaliyada magistratura pilləsi üzrə təhsil al. Anamı burada tək qoymaq istəmədim. Sonra işlərim inkişaf etdi. Dediyim kimi, anamı indi də qoyub getmək istəmərəm.
- Müsahibələrinizin birində haqqınızdakı şayiə diqqətimi çəkdi, bir milyon yarımlıq evdə yaşamaq, 300 minlik avtomobil və sair...
- Qoy danışsınlar, mən enerjinin gücünə inanan insanam. Mənə çəkdikləri enerji bir gün reallaşacaq. Buna inanıram.
- Gələcəkdə siyasətə necə, gəlməyi düşünürsünüz?
- Əsla, belə bir planım yoxdur. Mən yaradıcı insanam.