8 May 12:56
379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Ranar Musayev “Avroviziya-2024” təmsilçilərimiz Fahree (Fəxri İsmayıl) və İlkin Dövlətovun müsaqinənin final mərhələsinə keçə bilməməsinə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, aparıcı İnstaqram hesabında bu sözləri yazıb: “Vaxt var idi, heç “Avroviziya”da yox idik. Vaxt da var idi, qalib olmuşuq, ikinci yeri də tutmuşuq, dəfələrlə onluqlarda olmuşuq, aşağı pillələrdə də yer almışıq. Finala da keçmədiyimiz illər olub. Ona da müsabiqə deyərlər ki, bir gün qalib olan, bir gün uduzmağı da bacarmalıdır. Əsas odur ki, ölkə hər zaman layiqli təmsil olunub. Vacib amillərdən biri də odur ki, 16 ildir beynəlxalq standartlara cavab verən, böyük səhnəyə hazırlıq prosesindən keçən, məktəb görən, təcrübəli, peşəkar ulduzlarımız yetişir”.

Aparıcı “Avroviziya-2024” müsabiqəsinin musiqi prodüseri Eldar Qasımovun istefasını tələb edən sosial şəbəkə izləyicilərinə isə sərt reaksiya göstərib: "O ki qaldı heç vaxt heç nəyə nail olmayan, istefa tələbi ilə çıxış edən divan ekspertlərinə…Bu gün yeni bulvarda addımlayanda, "Crystal Hall" konsert zalına gedəndə, adımızı dünyanın ən məşhur mahnı yarışması "Avroviziya" tarixində qalib ölkə kimi görəndə, nankor beyninizi işə salıb, xatırlayın ki, bu əziyyətin bir payı həmin istefasını tələb etdiyiniz şəxsin çiyninə düşür. 13 il öncə hava limanında bayrağı çiyninə atıb yallı gedənlər indi unudub ki, həmin bayrağın nümayəndələri dəyişilməyib. Yenə də özümüzük. Bir də özünüzə sual verin: Bəs, mən ölkəmin inkişafı üçün nə etmişəm? Ucalanı qucağa almaq, göydən yerə düşəni tapdalamaqdan başqa nə bacarığım var? Ona görə də istər qalibiyyət, istərsə də məğlubiyyətlə nəticələnən cəhdin əziyyətinə görə hər kəsə təşəkkür düşür. Biriləri yıxıla-yıxıla, cəhdləri nəticəsində qalib olur. Digərləri tapdalaya-tapdalaya sonda qalibin qarşısında sadəcə başını əyməli olur. İndi seçim edək, kim yıxılmaq, kim tapdalamaq istəyir?".


Müəllif: Rəqsanə Həsənova