Əməkdar artist Gülnar Salmanova ilə bu gün vida mərasimi keçirildi.
Teleqraf.com xəbər verir ki, vida mərasimi əməkdar artistin evində baş tutub. Mərasimdə Musiqi Teatrın kollektivi, ailə üzvləri və sənət yoldaşları iştirak edib, onu son mənzilə yola saldılar.
G.Salmanovanın son anında yanında olan teleaparıcı İradə İsaq aktrisanın son vəziyyəti haqqında danışdı: “Ölənə yaxın Elçin, İradə, “behişt” sözünü təkrarlayırdı. Xəstə insan üçün “behişt” sözünü demək çox çətin idi. Dünyasını dəyişən günü həyat yoldaşını çağırdı. Onu gördü və son dəfə üzünə baxıb canını tapşırdı. Canını çox çətin tapşırdı. Elə bil ki yoldaşını gözləyirdi. Amma bizə onu gözlədiyini demədi. Axırıncı günlər atasından danışırdı və deyirdi ki, ata məni bağışla. Daha çox oğlu Elçindən danışırdı. Elçinlə nəfəs alırdı. Oğlu həmişə yanında olurdu və xəstələnən zaman da birlikdə xəstəxanaya apardıq”.
Qeyd edək ki, mərasimdə sənət yoldaşlarından Fatma Mahmudova, Naibə Allahverdiyeva, Naidə Orucova, Telli Hüseynova, Nübar Novruova, Allahverdi Yolçuyev, əməkdar artist Firuzə İbadova, aparıcı Sərxan Kərəmoğlu və başqaları iştirak etdi.
Rəqsanə