Marsın eksperimental “Zoe” rover aparatı Çilinin Atakama səhrasında ekstremal quraq iqlim şəraitində sağ qala bilən torpaq bakteriyalarını aşkarlayıb. Onlardan bəziləri elmə məlum deyil.
Teleqraf.com xəbər verir ki, bu barədə “Science Alert” nəşri məlumat yayıb.
Yel Universitetinin kollecindən olan bioloq Stiven Poyntinqin (Stephen PointinG) sözlərinə görə, avtonom rover aparatı ən əlverişsiz şəraiti olan mühitdə torpaq səthində həyat əlamətləri axtarıb tapmağa qadir olduğunu sübuta yetirib.
Atakama səhrası dünyanın ən quraq məkanı hesab olunur. Meteostansiyalar onun bəzi ərazilərində bir əsrdən çox yağıntı qeydə almayıb.
Məlumata görə, Mars roveri səhrada 80 santimetr uzunluqlu dəlik qazaraq, 90 nümunə götürüb və onların bəzilərində mikroorqanizmlərin olduğunu müəyyən edib. Dərinliyin artması ilə daha duzlu şəraitə uyğunlaşa bilən bakteriyalar üstünlük təşkil edib.
Qazıntının dibində isə onları sağ qalmaq üçün metan qazından yararlanan təkhüceyrəli orqanizmlər əvəz edib. Ümimilikdə üç qrup təkhüceyrəli canlılar üzə çıxıb – “Chloroflexi”, “Actinobacteria” və “Alphaproteobacteria”.
Atakamada bu mikroorqanizmlərin aşkarlanması Qırmızı planetdə (Marsda - red.) həyat əlamətlərinin aşkarlanması ehtimalını artırmış olur. Ancaq tədqiqatçılar Marsda şəraitin Atakamadakından daha ekstremal olduğuna əmindir.
/Oxu.az/