2 May 2023 09:05
15 854
12 Punto 14 Punto 16 Punto 18 Punto

1955-ci ildə Meksikada Fidel Kastro ilə ilk görüşündən 1967-ci ildə Boliviyada And dağlarında ölümünə qədər Ernesto Çe Gevaranın inqilabi karyerası on ildən bir qədər çox çəkmişdi. Bununla belə, yaddaşlarda mifik, romantik qəhrəman, güzəştsiz, xarizmatik inqilabçı olaraq qalır.

Ernesto Gevara de la Serna Argentinada əyalət aristokratiyasının damı altında böyüyüb. Həyatı kəskin astma ilə mübarizədə keçib. Qardaşı uşaqlığında tez-tez xəstələndiyini deyir. Amma Çe bütün həyatın iradə aktı olduğuna inanırdı, ona görə, istənilən vəzifə nə qədər çətin olsa da, şövq - inqilabi şövq və əyilməz qətiyyətlə həll edilə bilər.

Əbədi nifrətə gedən yol

Gevara 1948-ci ildə tibb təhsili almaq üçün Buenos Ayresə gedir. Dörd il sonra yeni macəralar, axtarışlar üçün vətənini tərk edir. Cənubi Amerikadan Şimala gedərkən onu qəzəbləndirən olayların şahidi olur, özünə əzilən bütün xalqların yanında olacağı sözünü verir.

“Silahlarımı qana batıracam və qəzəbdən dəli olub, məğlub olan düşmənlərimin boğazını kəsəcəm. Artıq genişlənmiş burun dəliklərim barıt və qan qoxusu, düşmənin ölüm daddığını hiss edir”, - Çe öz gündəliyində yazır.

Meksikaya gələndə 26 yaşındaydı. Bundan əvvəl beş həftə Boliviya, doqquz ay Qvatemalada olmuş, burada islahatçı prezident Yakob Arbenzin ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ - CIA) tərəfindən dəstəklənən hərbi çevrilişlə devrilməsini görmüşdü. Bu, ABŞ-a nifrətini əbədi olaraq sabitlədi. O zaman Marksizm və SSRİ-nin qızğın pərəstişkarıydı.

Qvatemalalı Hilda Qaleya ilə evlənərək ilk oğlunun adını Vladimir (Leninin şərəfinə) qoymağı düşünürdü. Yaşayacağı ölkələrdən birində Kommunist Partiyasının sıralarına daxil olmaq qərarına gəlmişdi. O dönəmdə ali ideallarına baxmayaraq, Çe sərgərdan macəraçı və fotoqraf, az maaş alan həkim və səbəb axtaran üsyançıdan başqa kimsə deyildi.

Çe bu səbəbi 1955-ci ilin yayında ölkəsini diktatordan azad etməyə çalışan Kuba inqilabının lideri ilə tanış olduqda kəşf etdi. Onun adı Fidel Kastro idi, doğma Kubaya qayıdıb silaha sarılmağı planlaşdırırdı. Həmin görüşdən sonra Çe Kuba inqilabının əsgəri, sonra liderlərindən birinə çevrildi. Kastronun ehtirası, Gevaranın idealları inqilabı alovlandırdı.

“Lenin və Trotski kimi, Hitler və Göbbels kimi, Mao Tsze Dun və Çju De kimi idilər”, - jurnalist Corciya Enn Geyer Çe və Fidel arasındakı dostluq haqda yazır.

Qatar relsdən çıxır

Çe astma tutmalarına baxmayaraq, Meksikadakı məşqlərdə öz liderlik keyfiyyətini və partizan bacarıqlarını göstərdi, kubalıdan daha çox kubalı oldu. Kastronun fəlakətli Qranma enişindən sağ qalan bir neçə nəfərdən biriydi. Kuba ordusu Meksikadan gələn inqilabçıları gülləbaran etmişdi. Çe Gevara Kastro və sağ qalan digər 17 yeddi nəfərlə birlikdə Syerra Maestraya yollandı.

Çe dağlarda cəsarətlə döyüşdü, Kastronun etimadını qazandı və komandante rütbəsi verilən ilk inqilabçı oldu. 1958-ci ilin sonlarında Santa Klaraya hücum edən Çe və komandası diktator Fulxensiya Batistanın qoşunları ilə dolu qatarı relsdən çıxararaq şəhəri ələ keçirdi. Gevaranın qələbəsi Batistaya qalib gələn inqilabın son zərbələrindən biri idi.

1959-cu ilin yanvarına qədər Gevara Kastro qardaşları ilə birlikdə Kuba inqilabının ən güclü üç liderlərindən biri kimi tanındı. Kuba vətəndaşı oldu, Hildadan boşandı, gözəl kubalı Aleyda Marxla evləndi.

Çe Gevaraya verilən ilk tapşırıq La Kabana adlı məhşur həbsxanada edamlara nəzarət etməkdi. 1959-1963-cü illər arasında nəzarəti altında təxminən 500 nəfər edam olunub. İnsan haqları müdafiəçisi Armando Valladares də daxil olmaqla, La Kabanada saxlanılan bir çox şəxs Gevaranın siyasi məhbusların dindirilməsi, işgəncə və edamlarla şəxsən maraqlandığını iddia edir.

Çe Gevaranın sonrakı vəzifələri Kuba Mərkəzi Bankının rəhbəri və sənaye naziri idi. Kuba iqtisadiyyatının şaxələndirilməsinə, “maddi həvəsləndirmə” adlandırdığı ənənələrin aradan qaldırılmasına çalışdı. Onun fikrincə, könüllü iş və işçilərin fədakarlığı iqtisadi artıma təkan verəcəkdi, bunun üçün lazım olan tək şey iradədir. Çe özünü nümunə göstərdi: Mərkəzi Bankın rəhbəri, sonra nazir kimi tikintidə fəhlə olaraq işlədi, şəkər qamışı kəsdi. Sadəcə görüntü xatirinə işləməməsi, spesifik yumoru və inqilabın çatışmazlıqlarından danışması ona kubalıların məhəbbətini qazandırdı. Amma MKİ-nin 1963-cü il hesabatına görə, Ernesto Çe Gevara iqtisadiyyatı Kastronun hakimiyyətə gəlişindən bəri ən aşağı nöqtəyə gətirmişdi.

Rus imperiyasının başqa adı və ya məyusluq

SSRİ-də baş verənləri öz gözləri ilə gördükdən sonra Ernesto Çe Gevaranın Sovet İttifaqına olan ümidləri sarsılmışdı, az qala hər beynəlxalq forumda Moskvaya hücum etmişdi. SSRİ lideri Nikita Xruşşov 1962-ci il raket böhranı zamanı Kubadan nüvə silahlarını çıxardıqdan sonra Çe Moskvanın beynəlxalq sosializmə sadiqliyini şübhə altına aldı. Həmçinin Sovet İttifaqının Kubanın şəkər sahəsində ixtisaslaşmağa davam etməsi ilə bağlı təkidini tənqid etdi. Çe rus imperializminə əsaslanan SSRİ-ni imperialist istismarın ortağı” adlandırmışdı.

İnqilabdan sonra Çe Gevara bir neçə dəfə SSRİ-də olub, Nikita Xruşşovla da görüşüb. Sovet İttifaqı Çeni uzaqdan heyran etsə də, elə ilk səfərində burada qarşılaşdığı mənzərə onu məyus etdi.

Rusiyalı professor, tarixçi Vladimir Davıdov “paslanmış ittifaq”ın Çenin siyasi karyerasına da mənfi təsir göstərdiyini deyir:

“Çe Moskvaya ilk dəfə gələndə şəkər müqaviləsi bağlamağa nail oldu. Amma bu məlumdur, haqqında çox yazılıb, nikel və kobalt müqaviləsi barədə isə yazılmayıb. Birincisi uğurlu alınmışdısa, ikincisi çətin oldu. Sovet rəhbərliyi uzun müddət yardım göstərməyə (Kubaya) cəsarət etmədi”.

Onun sözlərinə görə, SSRİ metallurgiya istehsalında dünya lideri idi, amma Kubaya kömək etməkdən çəkinmişdi:

“Çe ilə ilk tanışlıqda eyforiya vardısa, sonradan problemləri görməyə başladı. Onun səfərinin özəlliyi də budur - Sovet İttifaqında bürokratiyanın aşındırıcı pasını hiss etdi. Qeyri-standart qərarlara, həlledici strateji dönüşlərə hazırlıqsızlıq, sistemin ətaləti – bütün bunlar onu çaşdırdı. Bu, onun sonradan siyasi karyerasından, Kubanı çiçəkləndirmək siyasətindən imtina etməsinin motivlərindən biri idi”.

Çe Gevara Çinin Koreya müharibəsində istifadə edilən silahlarla bağlı SSRİ-yə borc ödədiyini eşidəndə də məyus olmuşdu. Onun fikrincə, bir sosialist ölkəsi başqa bir sosialist ölkəsinə borculu olmamalıydı.

Çe 1960-cı il noyabrın 14-də Oktyabr İnqilabının 47-ci ildönümü tədbirlərində iştirak etmək üçün SSRİ-yə gəlmişdi. Bu, Çenin raket böhranı zamanı gərgin atmosferdən sonra Moskvaya ilk səfəri idi. Tarixçilərə görə, bu, Sovet İttifaqı ilə barışıq yolunda addımdı, bunu Fidel Kastro istəmişdi. Amma bu səfərdən sonra Çe SSRİ-yə qarşı getdikcə sərtləşən tənqidlərindən əl çəkmədi. SSRİ rəhbərliyinin bir sıra prinsipial və strateji məsələlərdə ABŞ-la mübarizədə çəkingən davrandığını, bir sıra hallarda isə geri çəkildiyini düşünürdü.

Çe Moskvada olarkən baş çəkdiyi fabrik, zavod və digər müəssisələrin kapitalistlərdən fərqlənmədiyini demişdi. SSRİ-nin iqtisadi baxımından dalana dirəndiyini, sovet iqtisadiyyatında bürokratiyanın hökm sürdüyünü söyləmişdi. Beləliklə, bu səfərdən sonra Çe Gevaranın Trotski və Trotskizm, ümumən, istismar və işğalçı imperializmə əsaslanan sovet modeli haqda fikirləri tədricən dəyişməyə başladı.

Çe Gevaraya görə, sovet iqtisadiyyatı aşağı təbəqənin yaşayış səviyyəsini yaxşılaşdırmamışdı. Həmçinin Sovet İttifaqına rus imperiyası və ya xalqları istismar edən sistem kimi baxırdı. Bu baxımdan, Çenin sovet iqtisadiyyatı və idarəetmə sistemi ilə bağlı təhlili pessimist idi. Sovet iqtisadiyyatının fundamental məsələlərdən qaynaqlanan problemlərinə diqqət çəkirdi. Onun sözlərinə görə, xaraktercə sosialist olmaqdan çox bu iqtisadiyyat əslində həm kapitalist, həm də qeyri-kapitalist olan bir-birinə uyğun gəlməyən elementləri birləşdirirdi.

Çenin unikal diaqnozu (1966) sovet iqtisadiyyatının durğunluğuna, tənəzzülünə, nəhayət, cəmi 25 il sonra onun tamamilə dağılmasına səbəb olan əsas zəiflikləri üzə çıxardı.

Ernesto Çe Gevara ölənədək inanırdı ki, iqtisadi problemlər hər şeydən əvvəl qlobal miqyasda yeni inqilabi irəliləyişlər vasitəsilə həll olunacaq. Beləliklə, Çe stalinist sovet modelini rədd edir, bunun əvəzinə xalqların təşəbbüsü ilə qurulan sosializmi müdafiə edirdi. Əvvəllər SSRİ-ni “kapitalizmi devirmiş və sosializmə keçidin əsasını qoymuş dövlətlərdən biri” hesab etsə də, sonralar bu fikrində yanıldığını etiraf etmişdi.

Fidel susur

Çenin Kubadan kənarda, solçu və sosialistlər arasındakı nüfuzu ən yüksək zirvəsinə çatmışdı. Bu, dünya inqilabı dövrü idi, Fidel Kastro dünyanın istənilən nöqtəsində inqilabçıları dəstəkləməyə hazır olduğunu açıqlamışdı. Çe bu ideyanın ən qızğın müdafiəçisi idi. Amma 1965-ci ilin əvvəlində müəmmalı şəkildə gözdən itdi. Fidel altı ay susdu, sonra - 1965-ci ilin oktyabrında gizli saxladığı məktubun məzmununu açıqladı. Emosional şəkildə vidalaşan Çe bütün rəsmi vəzifələrindən, Kuba vətəndaşlığından imtina etmiş, yeni döyüş meydanlarında imperializmlə mübarizə aparmaq üçün Kubadan getmişdi.

Çe yazırdı: “Mən vəzifəmin məni Kuba inqilabına bağlayan hissəsini yerinə yetirdim, indi sizinlə, yoldaşlarınızla, xalqınızla vidalaşıram”.

Çenin yeri qlobal ehtimal oyununa çevrildi: “London Tayms” Əddis-Əbəbə və Dar əs-Salamda olduğunu yazır, “şahidlər” isə Vyetnamda gördüklərini deyirdilər. Bəziləri isə öldüyünü iddia edirdi. Amma Çe Afrika Konqosunun dərinliklərində idi, nəticəsiz savaş aparırdı. Yenidən gizlicə vidalaşdığı Kubaya qayıtdı, dərhal da inqilab üçün doğma Argentinaya getmək qərarına gəldi. Amma nə Argentina Kommunist Partiyası, nə də Kastro bu qərarını dəstəklədi. Əvəzində Fidel Çeyə Boliviyaya getməyi və qitə miqyasında inqilabı alovlandırmağı təklif etdi.

Andlar Syerra Maestraya çevrilir

1960-cı illərin sonlarında Kubanın SSRİ-dən asılılığı getdikcə artırdı. O dönəmdə uğurlu partizan hərəkatlarını alovlandıra bilməyən Çe hər addımda Moskvanı ittiham edirdi.

Kuba dağlarında altı ay məşq etdikdən sonra əfsanəvi inqilabçı iş adamı qiyafəsində Boloviyaya gəldi. Boliviya Andlarını Syerra Maestraya çevirəcəyini dedi.

Təxminən 120 nəfərdən ibarət olan Gevaranın partizan dəstəsi yaxşı təchiz olunmuşdu, bir sıra erkən uğurlara imza atmışdı. Sonra bir fəlakət gəldi. ABŞ hökuməti partizanların yerini tapdı, MKİ əməkdaşlarını Boliviyaya göndərdi. Yerli əhali inqilabçılara arxa çevirdi. Boliviyanın moskvayönlü Kommunist Partiyası ona kömək etmək öhdəliyindən imtina etdi. Üstəlik, Çe Boliviyanın cəngəllik müharibəsində bacarıqlı və ABŞ-da təlim keçmiş elit batalyonu tərəfindən ovlanırdı.

”Mənfi cəhətlər üstünlük təşkil edir, o cümlədən kənarla təmas saxlaya bilmirik. Mən də daxil olmaqla 22 kişiyik, onlardan üçü əlildir”, - Çe son günləri ilə bağlı gündəliyində yazır.

1967-ci ilin sentyabrında kəskin astmadan əziyyət çəkirdi, dizenteriya isə onu zəifləmişdi və Boliviya əsgərlərinin mühasirəsində idi.

Aylar keçir, Havanadan xəbər gəlmirdi...

Çenin ölümünü araşdıran Corciya Enn Geyer qeyd edir: “Boliviyada Çe haqda maraqlı cəhət o idi ki, harada olduğunu bilən hər kəs üçün asanlıqla əlçatan yüksək And dağlarındaydı. Ən əsası Fidel onun harada olduğunu bilirdi”.

Son günlərdə kənarla əlaqə tam kəsilmişdi. Çe hündür, vəhşi cəngəlliklərdə gəzirdi.

Kastronun Gevaranı ölümə göndərdiyi, sonra da xilas etmək istəmədiyi haqda söz-söhbət dolaşırdı. Amma bioqraf Xorxe Kastanyeda maraqlı bir nəticəyə gəlir: “Fidel Çeni Boliviyaya ölümə göndərmədi, sadəcə tarixin öz axarı ilə getməsinə icazə verdi”.

Boliviya əsgərləri 1967-ci il oktyabrın 8-də El Yuro dərəsində Çe Gevaranı ələ keçirdilər. Ertəsi gün edam olundu. Cəsədini bütün dünyanın görməsi üçün kiçik bir daxmada daş plitə üzərində şəklini çəkib yaydılar.

Oktyabrın 12-də ABŞ Dövlət Departamentinin Çenin ölümü ilə bağlı açıqlamasında deyilirdi: “Gevara qəhrəmancasına ölümlə üzləşmiş inqilabçı modeli kimi mədh ediləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər