İyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana istifadəyə verilib.
Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xəstəxanada yaradılan şəraitlə də tanış oldu.
Dövlətimizin başçısına məlumat verildi ki, bu xəstəxana 100 palatadan və 200 çarpayı yerindən ibarətdir.
Prezident İlham Əliyev xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşdü.
Dövlətimizin başçısı modul tipli xəstəxanaların istifadəyə verilməsinin koronavirusla mübarizədə əhəmiyyətindən danışdı, görülən işlər nəticəsində ilk günlərdən ölkəmizdə xəstəliyin nəzarət altında saxlandığını vurğuladı.
Prezident İlham Əliyev Şəkinin sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilən tədbirləri də qeyd etdi.
Həkim Nəzakət Kərimova yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
***
İyulun 29-da Şəki rayonunun Qoxmuq-Baltalı-Babaratma-Qaradağlı-Qudula-Daşüz avtomobil yolunun yenidənqurmadan sonra açılışı olub.
Teleqraf.com-un məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, uzunluğu 33 kilometr olan bu yol 2 hərəkət zolaqlıdır və 11 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir.
Bundan əlavə, Prezident İlham Əliyevə 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çayqaraqoyunlu-Turan-Cəyirli-Qozlubulaq-Sarıca-Qayabaşı-Bolludərə-Qaratorpaq avtomobil yolunun tikintisi barədə də məlumat verildi.